Rusiya İrana ABŞ hərbi qüvvələrinə qarşı istifadə oluna biləcək böyük miqdarda müasir pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü təklif etmiş ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “The Economist” nəşrinin əldə etdiyi məxfi sənəddə bildirilir. Sənədin Rusiya hərbi kəşfiyyatı – QRU tərəfindən hazırlandığı iddia olunur.
Məlumata görə, söhbət İrana 5000-ə qədər lif-optik dronun ötürülməsindən gedir. Bu tip dronlar radioelektron təsirə və siqnalın bloklanmasına davamlıdır və Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə də istifadə olunur.
Sənəddə həmçinin uzaqmənzilli, peyk naviqasiyalı dronlar və onların idarə olunması üçün iranlı operatorların hazırlanması da nəzərdə tutulur.
Bildirilir ki, dronlar Fars körfəzi bölgəsində yerləşən ABŞ hərbi qüvvələrinə qarşı istifadə oluna bilər. Planlarda hərbi gəmilərə və desant əməliyyatlarına hücum ssenariləri də yer alır.
Sənəddə QRU-nun ABŞ ilə İran arasında mümkün genişmiqyaslı münaqişəni də nəzərə aldığı qeyd olunur.
Nəşr yazır: “Məlumata malik regional kəşfiyyat mənbələri planı real hesab etsə də, onu müstəqil şəkildə təsdiqləyə bilməyiblər.”
Rusiya kəşfiyyat xidmətləri üzrə ekspert Kristo Qrozev bildirir ki, bu təşəbbüs QRU-nun İranla hərbi əməkdaşlığı genişləndirməyə çalışdığına dair digər məlumatlarla üst-üstə düşür.
Məqalədə qeyd olunur ki, lif-optik dronlar Ukraynadakı müharibədə effektiv silah kimi istifadə edilir, çünki radioelektron müdaxiləyə məruz qalmır və kabel vasitəsilə idarə olunur.
Bu sistemlərin Yaxın Şərqdə də, xüsusilə İranla əlaqəli qüvvələr tərəfindən istifadə edildiyi bildirilir.
Sənədə görə, dronlardan əlavə peyk texnologiyaları ilə zərbələrin dəqiqləşdirilməsi və iranlı tələbələrin Rusiya universitetlərində operator kimi hazırlanması da nəzərdə tutulub.
Məqalədə həmçinin iddia olunur ki, bu plan ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyat müzakirələri fonunda hazırlanıb. Lakin sənədin İrana ötürüldüyü və ya real şəkildə icra edildiyi barədə təsdiq yoxdur.
“The Economist”in yekununa görə, Rusiya Ukraynadakı müharibə səbəbindən resurslarının məhdudluğunu nəzərə alaraq İrana yardımda ehtiyatlı davranır, lakin məhdud dəstək belə ABŞ əməliyyatlarını çətinləşdirə bilər. Həmçinin belə yardımların rəsmi şəkildə inkar ediləcəyi və birbaşa qarşıdurmadan yayınmağa xidmət edəcəyi qeyd olunur.
Samir


