Antarktidanın Dotson buzlaq şelfi altında planetin ən əlçatmaz bölgələrini araşdıran 6 metrlik “Ran” adlı sualtı aparatdan xəbər alınmayıb. Lakin aparatın yoxa çıxmazdan əvvəl ötürdüyü məlumatlar buzlaqların ərimə prosesləri ilə bağlı elmi yanaşmaların yenidən qiymətləndirilməsinə səbəb olub.
HİT.az xəbər verir ki, bu barədə “Daily Galaxy” yazıb.
Sualtı aparat Beynəlxalq Tuites buzlaqları əməkdaşlıq assosiasiyası (“ITGC”) tərəfindən əvvəllər insan ayağının dəymədiyi sahələri araşdırmaq üçün göndərilmişdi.
Məlumata görə, “Ran” tam avtonom şəkildə işləyib: o, ənənəvi rabitə və ya GPS sistemlərindən istifadə etməyib, yalnız əvvəlcədən proqramlaşdırılmış göstərişlərə əsaslanıb. 2022-ci il ərzində aparat 14 uğurlu missiyanı yerinə yetirib, 130 kvadrat kilometrdən çox əvvəllər xəritələnməmiş ərazini xəritələyib.
2024-cü ilin əvvəlində tədqiqatçılar onun fəaliyyətini bərpa etməyə çalışsalar da, “Ran” ilk dalışdan geri qayıtmayıb. Aparatın itməsi ilə bağlı dəqiq səbəb hələ məlum deyil. Mütəxəssislər texniki nasazlıqdan tutmuş sualtı formasiya içində ilişib qalma ehtimalına qədər müxtəlif versiyalar irəli sürürlər.
Bununla belə, “Ran” unikal strukturları qeydə almağa müvəffəq olub. Alimlərin fikrincə, aşkar edilən damcı formalı strukturlar, donmuş yaylalar və gözlənilməz eroziya nümunələri əvvəlki modellərlə ziddiyyət təşkil edir.
Okeanoqraf Anna Volin bildirib ki, buzun əriməsi ilə bağlı mövcud fərziyyələr tamamilə yanlış ola bilər: “Bizim buzun əriməsi ilə bağlı ehtimallarımız tamamilə səhv ola bilər. Onun müşahidələri buzun altında baş verən və mövcud modellərin nəzərə almadığı mürəkkəb prosesləri göstərirdi”.
Əsas kəşflərdən biri odur ki, Dotson buzlaq şelfinin qərb hissəsi şərq hissəsinə nisbətən daha sürətlə eroziyaya uğrayır. Bu prosesin Sirkumqütb okean axınının təsiri ilə bağlı olduğu bildirilir. Bu məlumatlar gələcəkdə dəniz səviyyəsinin qalxmasının proqnozlaşdırılması üçün mühüm hesab olunur.
Göteborq Universitetinin yaydığı press-relizdə qeyd edilir ki, itkiyə baxmayaraq tədqiqatlar davam etdiriləcək. Artıq növbəti missiya hazırlanır.
“2024-cü ilin yanvarında "Ran"ın Antarktida buzunun altında itməsi ilə onun yerini yeni aparat tutacaq. ‘Ran II’ okean prosesləri və iqlim dəyişikliyinin daha dərindən öyrənilməsini davam etdirəcək”, deyə tədqiqatçılar bildiriblər.
Samir


