Çuntsin-Şərq dəmir yolu vağzalı ölçüsünə görə Vatikandan iki dəfə böyükdür. Yeddi il ərzində inşa edilən bu nəhəng nəqliyyat mərkəzi hər gün təxminən 300 min sərnişinə xidmət göstərir.
HİT.az xəbər verir ki, “Forsal” nəşrinin məlumatına görə, dünyanın ən böyük dəmir yolu vağzalı Çinin təxminən 10 milyon əhalisi olan Çuntsin meqapolisində yerləşir.
Vağzalın ümumi sahəsi 1,22 milyon kvadratmetr təşkil edir. Bu, Vatikanın ərazisindən iki dəfə böyük və ya təxminən 170 futbol meydançasına bərabərdir. Kompleksdə 15 platforma və 29 dəmir yolu xətti mövcuddur.
Bu irimiqyaslı layihə təxminən bir il əvvəl istifadəyə verilib. Tikinti zamanı 2 milyon kubmetr beton və 366 min ton poladdan istifadə olunub. Vağzal yalnız nəqliyyat mərkəzi deyil, eyni zamanda böyük biznes kompleksi funksiyasını da yerinə yetirir.
Nəhəng vağzalın tikintisinə hazırlıq işləri hələ 2011-ci ildə başlanmışdı. Həmin dövrdə Çin Dəmir Yolları gələcək nəqliyyat qovşağının imkanlarını təhlil edib. Ölkənin mərkəzində yerləşən Çuntsin ideal tranzit nöqtəsi hesab olunurdu.
Tikinti işlərinə 2018-ci ildə start verilib. Əsas işlər 2024-cü ilin yazında tamamlanıb, bütün stansiya isə 27 iyun 2025-ci ildə tam istifadəyə açılıb.
Çuntsin-Şərq stansiyası yalnız yüksək sürətli qatarlar üçün nəzərdə tutulub. Buna görə də platformalarının sayı ABŞ-dəki “Grand Central” vağzalından (44 platforma) və Yaponiyadakı “Şincuku” stansiyasından (36 platforma) daha azdır.
Stansiya şəhərin bir qədər kənarında yerləşir və metro xətti ilə birləşdirilib. Xarici görnüşü, ölçüsü və yerləşməsi baxımından daha çox hava limanı terminalını xatırladır.
Çin qısa məsafəli daxili aviareyslər əvəzinə yüksək sürətli dəmir yolu nəqliyyatına üstünlük verir. Buna görə də Çuntsin-Şərq stansiyasından aşağıdakı istiqamətlərə müntəzəm sürətli qatar reysləri həyata keçirilir:
* Şanxay — 6 saat
* Pekin — 6 saat
* Uhan — 3 saat
* Vançjou və Tsyantszyan — 1 saat
Samir


