Dünyanın ən qəribə primatlarından biri: Nəhəng qulaqları var və ağacdələn kimi ovlanır

DÜNYA
11:35 / 13.05.2026
46

Madaqaskar ruqonojkası və ya ay-ay ("Daubentonia madagascariensis") demək olar ki, primatlara xas olan adi xüsusiyyətlərin heç birinə bənzəmir. Bu heyvanın nəhəng qulaqları və parlaq gözləri var, onun ən qeyri-adi xüsusiyyəti isə uzun və nazik orta barmağıdır.

HİT.az xəbər verir ki, Rutqers Universitetinin təkamül bioloqu Skott Trevers "Forbes" üçün yazdığı köşə məqaləsində Madaqaskar ruqonojkası haqqında maraqlı faktlar paylaşıb və bu heyvanın niyə dünyanın ən qəribə primatlarından biri hesab edildiyini izah edib.

Alimin sözlərinə görə, uzun illər ərzində elm adamları bu növü düzgün təsnif etməyə çalışıblar. Erkən təbiətşünaslar onu dələ ilə, digərləri isə ağacdələnlə müqayisə ediblər (buna əsas verən səbəblər də var).

Trevers bildirib ki, Madaqaskar ruqonojkası əksər primatlardan fərqli olaraq ağac gövdələrinin içində gizlənən həşərat sürfələrini ovlayır və bu zaman ağacdələnlərə bənzər bir üsuldan istifadə edir.

Bioloqun sözlərinə görə, Madaqaskar ruqonojkası yalnız Madaqaskar meşələrində yaşayır. 1991-ci ildə aparılan tədqiqatlar göstərib ki, bu heyvanlar əsasən gecə aktiv olur və ağac taclarında hərəkət edərək bir neçə saniyədən bir budaqlara uzun orta barmaqları ilə sürətlə vururlar.

Alimlərin fikrincə, bu zərbələr ağacın içində boşluqların olub-olmadığını müəyyən etmək üçün “skanlama” funksiyası daşıyır. Qida aşkar edildikdə isə heyvan iti dişləri ilə ağacın qabığını deşir.

Daha sonra ruqonojka orta barmağını həmin dəliyə salaraq içəridəki həşərat sürfələrini çıxarır. Tədqiqatçıların diqqətini çəkən əsas məqam bu barmağın xüsusi uyğunluğudur: o, çox nazik və çevikdir, digər primatlara xas olan qalın tutucu barmaqlardan fərqlənir.

Trevers qeyd edir ki, alimlər hələ də ruqonojkanın ağaca vurarkən nələri “eşitdiyi” və ya “hiss etdiyi” barədə vahid nəticəyə gələ bilməyiblər. İlk fərziyyələrdən biri bu səslərin boşluqlardan gələn akustik əks-səda ilə bağlı olması idi.

1998-ci ildə aparılan təcrübələr isə bu izahı çətinləşdirib. Tədqiqatçılar süni qidalanma qurğuları hazırlayaraq müxtəlif boşluqları jelatin və ya köpük kimi materiallarla doldurublar. Əgər heyvan yalnız boşluq rezonansına əsaslansaydı, bu doldurucular onun tapma qabiliyyətini pozmalı idi. Lakin nəticələr göstərib ki, ruqonojka hədəfləri asanlıqla aşkarlayır.

Hazırda alimlər hesab edirlər ki, bu heyvan ağac daxilindəki vibrasiyaların yayılmasındakı çox incə mexaniki fərqləri hiss edir və bu yolla tunelləri, sıxlıq dəyişikliklərini və strukturdakı boşluqları müəyyən edə bilir.

“Amma bir şey aydındır: ay-ayların qəribə xüsusiyyətlər kompleksi təsadüfi deyil. Onun anatomiyasının demək olar ki, hər bir detalı bu qeyri-adi ov üsuluna uyğunlaşmış kimi görünür”, deyə Trevers yazır.

Bioloq vurğulayıb ki, bu heyvanları təbii mühitdə müşahidə etmək olduqca çətindir. Onlar gecə aktivdir və nəsli kəsilmək təhlükəsi altındadır. Treversin fikrincə, ruqonojkaların sağ qalmasında onların digər primatlardan tamamilə fərqli təkamül yolu keçməsi mühüm rol oynayır.

Samir
 

0