İndoneziya aprel ayında iki ölkə arasında əldə olunmuş razılaşmadan sonra ilk dəfə Rusiyadan xam neft idxal edib.
HİT.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu, Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin artdığı bir dövrdə Rusiyanın neft alıcılarının sayını genişləndirdiyini göstərir.
Gömrük statistikasına əsasən, iyunun 29-da Balikpapan limanına Rusiyanın Kozmino limanından təxminən 770 min barrel xam neft çatdırılıb. Yükün ümumi dəyərinin 75 milyon ABŞ dollarına yaxın olduğu bildirilir. Neft "Sierra" tankeri ilə daşınıb.
Agentliyin məlumatına görə, Yaxın Şərqdə gərginliyin artması nəticəsində neft qiymətlərinin yüksəlməsi Rusiyanın ixracına müsbət təsir göstərib. Bu tədarük İndoneziya Prezidenti Prabovo Subiantonun Moskvaya səfəri zamanı imzalanmış və 150 milyon barrelədək neft tədarükünü nəzərdə tutan sazişdən sonra həyata keçirilən ilk göndərişdir.
Qeyd olunur ki, Cakarta daha əvvəl də Rusiyadan məhdud həcmdə neft alıb. Tankerlərin hərəkətini izləyən məlumatlar göstərir ki, ötən il və bu il əsasən Rusiyanın Uzaq Şərq sahillərindən çıxarılan "Saxalin" və "ESPO Blend" markalı neftin qeyri-müntəzəm tədarükləri həyata keçirilib.
"Bloomberg" yazır ki, İndoneziya dünyanın aparıcı neft idxalçılarından biridir və İran ətrafındakı gərginlik nəticəsində Hörmüz boğazında gəmiçiliyin çətinləşməsi ölkənin yanacaq xərclərini əhəmiyyətli dərəcədə artırıb. Neft idxalına çəkilən yüksək xərclər ötən ay İndoneziya rupisinin ABŞ dollarına nisbətdə rekord həddə zəifləməsinə səbəb olub. Daxili bazarda benzin və dizel qiymətlərinin artması isə hökumətə qarşı etirazlara yol açıb.
Qeyd edək ki, xəbərdə qeyd olunan məlumatlar "Bloomberg" və gömrük statistikası əsasında təqdim olunur.
Samir


