Alimlər hesab edirlər ki, təxminən 4 milyon il əvvəl yaşamış "Laophis" Yer üzündə mövcud olmuş ən böyük zəhərli ilan olub. Tədqiqatçılar bu növün bəzi unikal bioloji xüsusiyyətlərə malik ola biləcəyini istisna etmirlər.
Hit.az xəbər verir ki, "Discover Wildlife" nəşrinin yazdığına görə, 4 milyon il əvvəl Yunanıstanın şimalı bugünkü Aralıq dənizi mənzərəsindən xeyli fərqlənirdi. Həmin dövrdə bu ərazilərdə geniş otlaqlar uzanırdı və burada iri ot yeyən məməlilər, eləcə də onları ovlayan yırtıcılar yaşayırdı.
Məhz həmin ekosistemdə yaşayan "Laophis"in uzunluğunun təxminən 4 metr, çəkisinin isə 26 kiloqrama yaxın olduğu bildirilir. Bu səbəbdən o, Yer tarixində yaşamış ən böyük zəhərli ilan hesab edilir.
Nəşrdə bildirilir ki, bu nəhəng ilanı xüsusilə maraqlı edən cəhət onun təxminən 4 milyon il əvvəl Yunanıstanda, iqlimin daha sərin, landşaftın isə əsasən çəmənliklərdən ibarət olduğu dövrdə yaşamasıdır. Müasir və nəsli kəsilmiş iri ilanların əksəriyyəti tropik bölgələrdə meydana gəlib. Yüksək temperatur onların maddələr mübadiləsini sürətləndirir və böyük ölçülərə çatmalarına imkan yaradır.
Tədqiqatçılar qeyd edirlər ki, daha sərin iqlimdə "Laophis"in bu qədər böyük bədən ölçüsünü dəstəkləyəcək maddələr mübadiləsini necə qoruduğu hələ də məlum deyil.
Onların fikrincə, ilanın xüsusi bioloji uyğunlaşmaları olmuş ola bilər. Lakin bu ehtimalı təsdiqləmək üçün əlavə elmi sübutlara ehtiyac var.
Alimlərin qənaətinə görə, "Laophis" otlaq ekosistemlərində yaşayır və gəmiricilərdən tutmuş kiçik marallara qədər müxtəlif heyvanları ovlayırdı. Ehtimal olunur ki, o, müasir qohumu olan Qabon gürzəsi kimi pusqu quraraq ov edir, qurbanına ölümcül zəhər yeridir və ölənədək onu nəzarətdə saxlayırdı.
Samir


