"Reuters": Ucuz dronlar enerji sektorunu qlobal iqtisadiyyatın ən zəif həlqəsinə çevirir

DÜNYA
13:33 / 13.07.2026
53

Kütləvi istehsal olunan ucuz pilotsuz uçuş aparatları müasir müharibələrin xarakterini köklü şəkildə dəyişərək kritik enerji infrastrukturunu müasir iqtisadiyyatların "Axilles dabanı"na çevirib. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin köşə yazarı Ron Busso yazıb.

Məqalədə bildirilir ki, Ukrayna, Rusiya və Yaxın Şərqdəki münaqişələr zamanı əldə olunan təcrübə göstərib ki, pilotsuz uçuş aparatları ənənəvi hava hücumundan müdafiə sistemlərini aşa bilir. Nəticədə neft emalı zavodları, elektrik stansiyaları, ixrac terminalları və boru kəmərləri əsas hədəflərə çevrilir.

Müəllifin sözlərinə görə, tikintisinə onilliklər və milyardlarla dollar sərf olunan enerji obyektləri artıq qiyməti cəmi bir neçə yüz və ya min dollar olan dronların hücumuna məruz qala bilir. Bu isə hücum edənlə müdafiə olunan tərəf arasındakı qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişir.

Ron Busso qeyd edir ki, bu yeni reallığın ən aydın nümunələrindən biri Yaxın Şərqdir. Münaqişənin başlanmasından sonra Tehran dəfələrlə Hörmüz boğazında gəmiçiliyi pozmaq məqsədilə dronlardan istifadə edib.

Müharibədən əvvəl dünya üzrə neft və qaz tədarükünün təxminən beşdə biri bu marşrutdan keçirdi. Hücumlar uzun illər mövcud olan, bu strateji boğazın güclü hərbi-dəniz qüvvələri olmadan bağlanmasının mümkün olmadığı fikrini şübhə altına alıb.

Bu təhlükə Fars körfəzi ölkələrini Hörmüz boğazından asılılığı azaltmaq üçün əvvəllər hazırlanmış layihələri sürətləndirməyə vadar edib. Hazırda regionda minlərlə kilometr uzunluğunda yeni neft və qaz kəmərləri tikilir və mövcud xətlər genişləndirilir.

Lakin müəllif vurğulayır ki, hər yeni boru kəməri, nasos stansiyası və elektrik yarımstansiyası eyni zamanda daha mürəkkəb dron hücumları üçün əlavə potensial hədəfə çevrilir.

Onun sözlərinə görə, İran artıq regionda onlarla neft emalı zavoduna, mayeləşdirilmiş təbii qaz müəssisəsinə və elektrik stansiyasına zərbələr endirib. Eyni zamanda müharibə şəraitində belə yeni dronları sürətlə istehsal edə bildiyini nümayiş etdirib.

Məqalədə qeyd olunur ki, pilotsuz uçuş aparatlarının dağıdıcı potensialı ən aydın şəkildə Ukraynada özünü göstərib.

Son aylarda Ukrayna Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodları, yanacaq anbarları və enerji obyektlərinə uzaqmənzilli dronlarla zərbələr endirərək yanacaq tədarükünü pozub və cəbhədən uzaqda yerləşən strateji infrastrukturun da hədəfə çevrilə biləcəyini nümayiş etdirib.

Bununla yanaşı, Ukrayna genişmiqyaslı daxili dron istehsalı sənayesi formalaşdırıb və hər ay yüz minlərlə aşağı qiymətli pilotsuz uçuş aparatı istehsal edir. Bu isə texnologiyanın nə qədər sürətlə əlçatanlaşdığını göstərir.

Ron Bussonun fikrincə, Ukrayna və İran ətrafında baş verən hadisələr enerji obyektləri, telekommunikasiya şəbəkələri, nəqliyyat infrastrukturu və elektrik sistemləri də daxil olmaqla, bütün dünyada kritik infrastrukturun nə qədər həssas olduğunu üzə çıxarıb.

Hökumətlər alternativ tədarük marşrutları yaratmağa çalışsa da, bu, yeni problem yaradır. Belə ki, bir neçə strateji obyekt əvəzinə müdafiəsi daha çətin olan geniş infrastruktur şəbəkəsi meydana gəlir.

Bu səbəbdən enerji şirkətləri yeni layihələrin planlaşdırılması zamanı dron hücumları və digər qeyri-ənənəvi müharibə risklərini daha ciddi nəzərə almağa başlayıb. Bəzi şirkətlər hətta öz pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərini əldə etməyi planlaşdırırlar.

Müəllif hesab edir ki, dronlar döyüş meydanında qüvvələr balansını dəyişib. Çünki ənənəvi hava hücumundan müdafiə sistemləri kiçik və aşağı hündürlükdə uçan hədəflərə qarşı həmişə effektiv olmur. Üstəlik, bu sistemlərin istifadəsi əksər hallarda vurmağa çalışdıqları dronlardan dəfələrlə baha başa gəlir.

Ron Busso bunu Birinci Dünya müharibəsində pulemyotların, tikanlı məftillərin və artilleriyanın hərbi doktrinanı dəyişməsi ilə müqayisə edir. Həmin dövrdə yeni texnologiyalar kütləvi piyada hücumlarını səmərəsiz etmiş, yalnız tanklar və döyüş təyyarələrinin meydana çıxması vəziyyəti dəyişmişdi.

Onun fikrincə, dron təhlükəsi də oxşar şəkildə inkişaf edəcək.

"Bu gün dünya iqtisadiyyatının ən vacib sahələrindən biri acı reallıqla üz-üzə qalıb. Nisbətən ucuz texnologiyalar milyardlarla dollar dəyərində enerji obyektlərini təhlükə altına qoya bilir. Bu balans dəyişməyənədək dronlar qlobal iqtisadiyyatın ən zəif nöqtəsini üzə çıxarmaqda davam edəcək", – deyə müəllif yekunlaşdırıb.

Məqalədə xatırladılır ki, NATO pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədilə 40 milyard dollarlıq Drone Edge təşəbbüsünə start verib. Alyansın baş katibi Mark Rütte bildirib ki, beş il müddətinə nəzərdə tutulan proqram müasir müharibələrdə dronlardan irəli gələn təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirməyi hədəfləyir.

Onun sözlərinə görə, dronlar müasir müharibələrin xarakterini əsaslı şəkildə dəyişərək döyüş meydanının həlledici amillərindən birinə çevrilib.

Samir

0