Los-Anceles küçələri xüsusi boya ilə örtüldü: Temperatur 10 dərəcəyədək azaldı

DÜNYA
18:40 / 30.07.2026
45

Los-Ancelesin ən isti rayonlarından biri olan Pakoymada 65 min kvadratmetrdən çox asfalt xüsusi işıqəks etdirən boya ilə örtülüb. 

HİT.az xəbər verir ki, "Antena3" nəşrinin yazdığına görə, eksperimentin məqsədi güclü istilər zamanı yolların, dayanacaqların, uşaq meydançalarının və digər asfalt örtüklü ərazilərin qızmasını azaltmaq olub.

"Environmental Research Communications" jurnalında dərc edilən araşdırma göstərib ki, xüsusi örtüklə işlənmiş sahələr adi asfaltla müqayisədə xeyli az qızır. Həddindən artıq isti hava şəraitində səthin temperaturu təxminən 10 dərəcə aşağı düşüb.

Məlumata görə, tünd rəngli asfalt Günəş şüalarını intensiv şəkildə udur və sonra topladığı istiliyi ətrafa yayaraq şəhərlərdə "istilik adası" effektini gücləndirir. İşıqəks etdirən örtük isə günəş radiasiyasının bir hissəsini geri qaytardığı üçün səth daha az qızır.

Təcrübə zamanı alimlər xüsusi boya ilə örtülmüş küçələri belə örtüyün tətbiq edilmədiyi qonşu ərazilərlə müqayisə ediblər. Məlum olub ki, adi günəşli havalarda fərq böyük olmasa da, anomal istilər zamanı effekt xeyli daha nəzərəçarpan olur.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu texnologiya şəhərlərin həddindən artıq isinməsi probleminin universal həlli deyil. Səth daha sərin qalsa da, əks olunan günəş şüaları yaxınlıqda olan insanlar üçün istilik yükünü artıra bilər.

Bundan əlavə, örtüyün uzunömürlülüyü hələ də sual altındadır. Nəqliyyatın intensiv hərəkəti, çirk və yolların mütəmadi təmiri nəticəsində boya zamanla işıqəks etdirmə xüsusiyyətini itirə bilər. Buna baxmayaraq, tədqiqatçılar hesab edirlər ki, bu cür texnologiyalar iri şəhərlərdə ekstremal istilərin təsirlərini azaltmaq üçün perspektivli həll yollarından biri ola bilər.

Samir

0