Vyetnamdakı Şondonq mağarası dünyanın ən böyük mağarası hesab olunur. O qədər nəhəngdir ki, daxilində öz çayı, öz mikroiqlimi və tavandakı iri açılıqlardan süzülən günəş işığı sayəsində formalaşmış tropik meşəsi var.
HİT.az xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazır.
Mağara Laos sərhədi yaxınlığında yerləşən "Fonq Nya-Ke Banq" Milli Parkında yerləşir. Ərazi 2003-cü ildən etibarən UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Mütəxəssislərin sözlərinə görə, mağaranın həcmi təxminən 40 mərtəbəli binaları yerləşdirməyə imkan verəcək qədər böyükdür.
Mağaranın girişi ilk dəfə 1990-cı ilin dekabrında təsadüfən aşkar edilib. Aqarlı ağac axtaran yerli sakin qəfil yerin altından çıxan güclü soyuq hava axını ilə qarşılaşıb. O, gördüklərindən ehtiyatlanaraq mağaranı araşdırmağa cəsarət etməyib.
Yalnız 19 il sonra – 2009-cu ilin aprelində speleoloqlardan ibarət ekspedisiya mağaraya daxil olmağa və onun nəhəng ölçülərini xəritəyə salmağa nail olub.
Mağaranın ən heyrətamiz xüsusiyyətlərindən biri onun daxilində yaranmış həqiqi tropik meşədir. Geoloqlar müəyyən ediblər ki, mağaranın tavanının bir hissəsi çökdükdən sonra yaranan iri açılıqlardan günəş işığı və su içəri daxil olmağa başlayıb.
Nəticədə burada müxtəlif bitki növlərindən ibarət ayrıca ekosistem formalaşıb. Speleoloqlar mağaranın bir hissəsini "Cənnət bağı" adlandırıblar.
Alimlərin hesablamalarına görə, mağara iki-beş milyon il əvvəl yaranıb. Həmin dövrdə çay suları əhəngdaşındakı çatdan keçərək dağın altında tunel oyub. "Rao Thuong" çayı bu gün də mağaranın içindən axmağa davam edir. Süxurun daha zəif olduğu yerlərdə tavan çökərək yüzlərlə metr hündürlükdə səthə açılan nəhəng boşluqlar yaradıb. Quru mövsümdə günəş şüaları bu açılıqlardan mağaraya daxil olur, aşağıda yaranmış daş yığınlarının üzərində bambuk və digər bitkilər sıx meşə əmələ gətirib. Tədqiqatçılar bəzən bu bitki örtüyünü yararaq irəliləməli olublar.
Mağaranın daxilində hətta öz hava şəraiti də formalaşır. İsti və rütubətli hava soyuq yeraltı hava ilə qarşılaşdıqda mağaranın içində buludlar yaranır. Məhz bu hadisəni 1990-cı ildə mağaranın girişində yerli sakin Ho Xan müşahidə etmişdi.
Şondonq mağarası turistlərin üzünə yalnız 2013-cü ildə açılıb və ziyarətlər ciddi nəzarət altında həyata keçirilir. Səfərlər yalnız bir rəsmi tur operatoru tərəfindən təşkil olunur. Hər il yanvar-avqust aylarında təxminən 1000 icazə verilir. Mağaraya çatmaq üçün turistlər bələdçilər və yükdaşıyanlarla birlikdə bir neçə gün cəngəllikdən keçməli olurlar.
Dünyanın ən böyük mağarası adı onun uzunluğuna görə deyil, daxilindəki ən böyük fasiləsiz keçidin həcminə görə verilir. 2009-cu ildə aparılan ölçmələrə əsasən, Şondonq mağarası bu göstəriciyə görə Malayziyanın Borneo adasındakı "Deer Cave" mağarasını geridə qoyaraq dünya rekordu qazanıb.
Samir


