NATO-nun Transformasiya üzrə Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı admiral Pyer Vandye bildirib ki, Alyans kütləvi istehsal oluna bilən daha ucuz hava hücumundan müdafiə vasitələrinə və xüsusilə "Patriot" sistemləri üçün müasir raket-tutuculara ehtiyac duyur.
HİT.az xəbər verir ki, "Fox News"a müsahibəsində çıxış edən admiral Pyer Vandye Qərbin silah istehsalına yanaşmasını köklü şəkildə dəyişməli və müdafiə sənayesini yenidən qurmalı olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna və Yaxın Şərqdə müşahidə olunan genişmiqyaslı hücumlara qarşı mövcud istehsal imkanları kifayət etmir.
"Bu gün riyazi hesablamalar Qərbin xeyrinə deyil", deyə Vandye vurğulayıb.
İyulun əvvəlində Ankarada keçirilən NATO sammitində müttəfiqlər "Patriot" sistemləri üçün 900 raketin alınması və növbəti beş il ərzində pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinə 40 milyard dollardan çox investisiya qoyulması barədə razılığa gəliblər.
Bununla belə, Vandye hesab edir ki, yalnız mövcud Qərb silahlarının sayını artırmaq əsas problemi həll etməyəcək.
Admiral bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket hücumları daha məhdud təhlükələr üçün hazırlanmış hava hücumundan müdafiə sistemlərinin imkanlarını ortaya qoyub.
Onun sözlərinə görə, Yaxın Şərqdəki hərbi əməliyyatlar da ballistik raketlərin qarşısını almaq üçün istifadə olunan "Patriot" və "THAAD" kimi yüksək texnologiyalı raket-tutuculara tələbatı artırıb. Lakin bu silahların qısa müddətdə böyük həcmdə istehsalı mümkün deyil.
"İldə 50 min "Patriot" raketi istehsal etmək mümkün deyil. Bunun üçün nə uyğun təchizat zənciri var, nə də bu silahların qiymətini nəzərə alsaq, belə yanaşma məntiqlidir", deyə Vandye bildirib.
Onun fikrincə, NATO çoxsəviyyəli müdafiə sistemi qurmalıdır. Bu sistem bir tərəfdən dronların kütləvi hücumlarına qarşı istifadə ediləcək ucuz və çox sayda istehsal olunan vasitələrə, digər tərəfdən isə ballistik raketlər kimi mürəkkəb təhdidlərə qarşı yüksək texnologiyalı sistemlərə əsaslanmalıdır.
"Dalğalar şəklində hücum edən ucuz silahları məhv etmək üçün birdəfəlik istifadə olunan, ucuz və kütləvi istehsal edilən vasitələr lazımdır. Ballistik raketlər kimi mürəkkəb hədəflər üçün isə yüksək texnologiyalı sistemlərə ehtiyac qalır", deyə o əlavə edib.
ABŞ Prezidenti Donald Tramp NATO sammiti zamanı Vaşinqtonun Ukraynaya "Patriot" raket-tutucularının istehsalı üçün lisenziya verəcəyini açıqlayıb. Bu addım Kiyevə hava hücumundan müdafiə imkanlarını artırmaq üçün daha çox silah istehsal etməyə şərait yarada bilər.
Lakin Vandye hesab edir ki, məsələ təkcə "Patriot" sistemlərinin sayında deyil.
"Layihələndirmə dəyişməlidir. Biz elə mərhələdəyik ki, bəzi komponentlər kütləvi istehsal tələblərinə uyğun şəkildə yenidən hazırlanmalıdır", deyə admiral bildirib.
Onun sözlərinə görə, Rusiya müharibədən əldə etdiyi təcrübəni sürətlə təhlil edir və taktikasını demək olar ki, hər həftə yeniləyir.
"Müharibədə uyğunlaşa bilmirsinizsə, məhv olursunuz. Bütün düşüncə tərziniz rəqibi üstələməyə, onu qabaqlamağa və ondan daha sürətli hərəkət etməyə yönəlməlidir. Rusiya bu sahədə kifayət qədər bacarıqlıdır. NATO üçün əsas məsələ uyğunlaşma sürətidir. Bu, ağıl oyunudur", deyə Vandye qeyd edib.
Admiralın sözlərinə görə, Ukraynanın müdafiə sənayesi artıq Avropa və Qərb istehsalçıları üçün inkişaf tempini müəyyənləşdirən əsas nümunələrdən birinə çevrilib.
O bildirib ki, Ukrayna şirkətləri döyüş meydanındakı dəyişikliklərə uyğun olaraq yeni sistemləri sürətlə hazırlamaq, tətbiq etmək və təkmilləşdirmək qabiliyyətini nümayiş etdiriblər.
"Ukraynanın çevik və sürətlə inkişaf edən sənaye bazası hazırda Avropa və Qərb müdafiə sənayesinin inkişaf tempini müəyyənləşdirir", deyə Vandye vurğulayıb.
Admiral əlavə edib ki, NATO üçün çağırışlar yalnız pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri ilə məhdudlaşmır. Onun sözlərinə görə, Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi Müqaviləsinin qüvvədən düşməsindən sonra Avropada uzaqmənzilli raketlər sahəsində rəqabət yenidən güclənib və bu, strateji sabitlik baxımından yeni risklər yaradıb.
Samir


