Amazon meşələrinin altında 396 yeni qədim tikili aşkar edilib

DÜNYA
22:34 / 30.07.2026
51

Amazon yağış meşələrində aparılan yeni "LIDAR" tədqiqatı qədim dövrə aid yüzlərlə gizli tikilini üzə çıxarıb. 

HİT.az xəbər verir ki, "Science Alert"in məlumatına görə, kəşf Amazonun "toxunulmamış təbiət" olduğu barədə uzun illər formalaşmış təsəvvürün yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

Eramızdan əvvəl 600-cü ildən eramızın 850-ci ilinə qədər Amazonun cənub-qərbində mövcud olmuş "Aquiry" sivilizasiyasının bölgədə xəndəklərlə əhatə olunmuş nəhəng həndəsi torpaq qurğuları inşa etdiyi bildirilir.

Helsinki Universitetinin arxeoloq-antropoloqu Martti Parssinenin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu havadan lazer skanları apararaq meşə örtüyünün altında gizlənmiş qədim tikililəri xəritələşdirib.

Araşdırma zamanı ümumilikdə 4 497 kvadratkilometr ərazi skan edilib. Nəticədə 396-sı ilk dəfə müəyyən edilən, ümumilikdə isə 432 torpaq tikilisi aşkar olunub. Tədqiq olunan sahənin Amazon bölgəsinin 3 faizindən də az hissəsini əhatə etməsi sivilizasiyanın əsl miqyasının daha böyük ola biləcəyini göstərir.

Mövcud məlumatlara əsasən, alimlər hesab edirlər ki, "Aquiry" sivilizasiyası eramızın təxminən 200-cü ilində ən geniş dövrünü yaşayaraq 183 min kvadratkilometr əraziyə yayılıb. Bölgədə 24–30 min arasında belə torpaq qurğusunun mövcud ola biləcəyi, əhalinin isə 1,2–3 milyon nəfər arasında olduğu ehtimal edilir.

"Aquiry" mədəniyyətinin vahid krallıq və ya imperiya deyil, ortaq ənənələrlə birləşmiş icmalar şəbəkəsindən ibarət olduğu bildirilir. Yaşayış evlərinin əsasən ağacdan tikildiyi üçün günümüzə qədər gəlib çatmadığı, lakin mərasim və siyasi toplantılar üçün istifadə olunan dərin xəndəkli komplekslərin geniş yollarla bir-birinə bağlandığı qeyd edilir.

"LIDAR" tədqiqatının nəticələri Amazonun tamamilə insan əli dəyməmiş meşə olması ilə bağlı ənənəvi yanaşmanın doğru olmadığını göstərir.

Tədqiqatçılar bildirirlər ki, eramızın 200-cü illərində bölgədə qarğıdalı, maniok, balqabaq və pambıq əkinləri ilə əhatələnmiş yaşayış məntəqələri mövcud olub. Ətraf meşələr isə meyvə və qoz ağaclarının yetişdirilməsi yolu ilə insanlar tərəfindən idarə edilib.

Eramızın təxminən 850-ci ilində yoxa çıxan "Aquiry" sivilizasiyasının hansı səbəbdən süqut etdiyi və eramızın 1000-ci ilinə qədər bölgədə hansı hadisələrin baş verdiyi hələ də araşdırılır.

Tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.

Samir

0