Qara dənizdə Rusiyanın hücumlarının güclənməsi nəticəsində Ukrayna Qara dəniz limanları vasitəsilə kənd təsərrüfatı və digər məhsulların ixracını dayandırıb.
HİT.az-ın məlumatına görə, Ukraynanın Baş naziri Serhry Koretski bildirib ki, bunun nəticələri həm ölkə, həm də dünya iqtisadiyyatı üçün ciddi ola bilər.
"Qara dəniz hövzəsində vəziyyət kifayət qədər mürəkkəbdir. Ukrayna üçün dəniz limanlarının fəaliyyəti həyati əhəmiyyət daşıyır. Bu, iqtisadiyyatımız, ixracımız və valyuta daxilolmaları deməkdir", deyə hökumət başçısı bildirib.
O xatırladıb ki, Qara dəniz hövzəsindən həyata keçirilən ixrac dünya üzrə buğda ixracının əhəmiyyətli hissəsini təşkil edir.
"Qlobal kənd təsərrüfatı məhsullarının tədarükündə yaranacaq fasilələr, şübhəsiz ki, dünya bazarında, eləcə də idxalçı ölkələrin daxili bazarlarında qiymətlərin artmasına səbəb olacaq. Hesablamalara görə, dünya iqtisadiyyatına inflyasiya təzyiqi illik ifadədə 60 milyard dollardan 150 milyard dollara qədər çata bilər", deyə Koretski xəbərdarlıq edib.
Baş nazirin sözlərinə görə, limanların fəaliyyətinin bərpası məsələsi Prezident Volodimir Zelenskinin şəxsi nəzarətindədir.
"Biz beynəlxalq tərəfdaşlarla işi əlaqələndiririk, Rusiyanın terroru barədə məlumatlandırırıq, tədarük marşrutlarının şaxələndirilməsi üzərində çalışırıq. Bu prosesdə hərbçilərimizin rolu xüsusi əhəmiyyət daşıyır və çox şey onlardan asılıdır", deyə o bildirib.
Koretski əlavə edib ki, ixracın əhəmiyyətli dərəcədə məhdudlaşması ölkə daxilində kənd təsərrüfatı məhsullarının emalının inkişafının vacibliyini bir daha göstərir.
"Ukrayna daxilində taxıl ehtiyatının artıqlığı artıq qiymətlərin enməsinə təsir göstərib. Daxili emal sənayesinin inkişaf strategiyasını davam etdirmək lazımdır", deyə Baş nazir vurğulayıb.
Samir


