"Freedom Cruise Line International" şirkəti dünyanın ən böyük gəmisini inşa etmək planını açıqlayıb. Layihəyə əsasən, bu gəmi on minlərlə insanın yaşaya, işləyə və istirahət edə biləcəyi tam funksional üzən şəhərə çevriləcək.
HİT.az xəbər verir ki, bu barədə "Gry-online" nəşri məlumat yayıb.
Məlumata görə, layihə dünya okeanlarında daimi hərəkət edəcək nəhəng gəminin tikintisini nəzərdə tutur. Gəmi sakinləri üçün yaşayış, iş və gündəlik həyat üçün bütün zəruri infrastrukturu təmin edəcək.
Memarlıq konsepsiyası "Schopfer Associates LLC" şirkəti və onun rəhbəri E. Kevin Şopfer tərəfindən hazırlanıb. Layihəyə yaşayış məhəllələri, ofislər, ticarət obyektləri, məktəblər, xəstəxanalar, ictimai məkanlar və digər infrastrukturun yaradılması daxildir.
Layihənin əsas ideyası təkcə iri gəmi tikmək deyil, həm də sabit bir icma formalaşdırmaqdır.
Nəşrdə qeyd olunur ki, məqsəd insanların gündəlik həyatlarını quracağı, sosial əlaqələr yaradacağı və özlərini bir cəmiyyətin üzvü kimi hiss edəcəyi davamlı yaşayış məkanı yaratmaqdır.
Uzunluğu 1,6 kilometr olacaq
Layihəyə əsasən, gəminin uzunluğu təxminən 1,6 kilometr, eni isə 250 metrə yaxın olacaq. 30 göyərtədə mənzillər, xəstəxanalar, kazinolar və digər obyektlər yerləşdirilməsi planlaşdırılır. Mənzillərin gəmidə yaşamaq istəyən şəxslərə satılması nəzərdə tutulur.
Bununla belə, layihənin reallaşdırılması bir sıra ciddi çətinliklərlə üzləşə bilər.
Hazırda dünyada bu ölçüdə gəmi tikə biləcək tərsanə mövcud deyil. Buna görə də gəminin modul hissələr şəklində açıq dənizdə yığılması ehtimal edilir.
Bundan əlavə, hazırkı limanların heç biri belə nəhəng gəmini qəbul edə bilməz. Bu səbəbdən ərzaq, su və digər təchizatın helikopterlər və kiçik bərələr vasitəsilə çatdırılması planlaşdırılır.
Təhlükəsizlik əsas problemlərdən biridir
Layihə müəllifləri gəmidə müasir hibrid hərəkət sistemi, enerji bərpası texnologiyaları, su ehtiyatlarının və tullantıların idarə olunması sistemlərinin tətbiq ediləcəyini bildirsələr də, onların texniki xüsusiyyətləri hələ açıqlanmayıb.
Məqalədə qeyd olunur ki, ən ciddi məsələlərdən biri təhlükəsizlikdir. Okeanın ortasında baş verə biləcək fövqəladə vəziyyət zamanı on minlərlə insanın təxliyəsi son dərəcə mürəkkəb olacaq.
Eyni zamanda, gəminin gövdəsi həm nəhəng konstruksiyanın ağırlığına tab gətirəcək qədər möhkəm, həm də dəniz dalğalarının yaratdığı yüklənmələrə davam gətirəcək qədər elastik olmalıdır.
Bu, ilk cəhd deyil
Nəşr xatırladır ki, oxşar ideya ilk dəfə irəli sürülmür. 1990-cı illərin sonlarında "Freedom Opportunities LLC" şirkəti də "Freedom" adlı oxşar layihəni təqdim etmiş və gəminin 2000-ci ildə istismara veriləcəyini bildirmişdi. Lakin həmin planlar həyata keçirilmədi.
Hazırkı təşəbbüsün müəllifləri isə tikintinin nə vaxt başlayacağı və üzən meqapolisin nə zaman istifadəyə veriləcəyi ilə bağlı hələlik heç bir tarix açıqlamayıblar.
Samir


