Ukrayna süni intellektlə təchiz edilmiş raketlər hazırlayır

DÜNYA
16:21 / 11.09.2026
45

Ukrayna süni intellekt texnologiyaları ilə təchiz edilmiş zərbə raketləri hazırlayır. 

HİT.az xəbər verir ki, “Business Insider”in yazdığına görə, bu istiqamət ölkənin hücum silahlarının daha yüksək səviyyədə avtomatlaşdırılması yolunda yeni mərhələ hesab olunur.

Ukraynanın innovasiya platforması “Brave1” nəşrə açıqlamasında bildirib ki, layihədə iştirak edən bir neçə şirkət süni intellekt imkanlarından istifadə edən raket sistemləri üzərində işləyir.

Hazırda Ukrayna şirkətləri süni intellekti əsasən pilotsuz uçuş aparatları və yerüstü döyüş robotlarında tətbiq edir. Bu texnologiyalar həmin sistemlərə naviqasiya, hədəfə yönəlmə və müəyyən qərarların qəbul edilməsi kimi funksiyaları yerinə yetirməyə imkan verir. Raketlərdə süni intellektdən istifadə isə nisbətən yeni istiqamət sayılır.

“Brave1”in rəhbəri Andrey Qritsenyuk bildirib ki, süni intellekt əvvəlcə geniş şəkildə dronlarda tətbiq olunmağa başlayıb. Onun sözlərinə görə, raketlərin daha yüksək sürətlə hərəkət etməsi bu texnologiyanın həmin sistemlərə inteqrasiyasını daha mürəkkəb edir.

Qritsenyukun sözlərinə görə, süni intellekt artıq raket sistemlərinə də getdikcə daha fəal şəkildə inteqrasiya olunur. Bununla belə, bu sahə hələ pilotsuz sistemlərdəki qədər geniş yayılmayıb və bir çox layihə hazırda hazırlanma mərhələsindədir.

Nəşr qeyd edir ki, raketlərə süni intellektin inteqrasiyasına marağın artması Ukraynanın uzaqmənzilli zərbə silahlarının hazırlanmasına yönəltdiyi investisiyalarla da əlaqələndirilir.

Bununla yanaşı, Ukraynanın hazırladığı raketlərdə süni intellektin konkret hansı funksiyaları yerinə yetirəcəyi və layihələrin hansı mərhələdə olduğu barədə ətraflı məlumat açıqlanmayıb. “Brave1” isə vurğulayıb ki, yeni texnologiyalar silahların imkanlarını genişləndirə bilər, lakin insanların prosesdə iştirakını tamamilə aradan qaldırmayacaq.

Mütəxəssislərin fikrincə, bu tendensiya müasir müharibələrdə avtonom sistemlərin rolunun sürətlə artdığını göstərir. Ukrayna təhlükəli tapşırıqlarda, o cümlədən yaralıların təxliyəsi və logistika əməliyyatlarında hərbçilərin əvəzinə robot və pilotsuz sistemlərdən daha çox istifadə etməyə çalışır.

Samir

0