Qətərin dövlət şirkəti “QatarEnergy” Hörmüz boğazında gəmiçiliklə bağlı davam edən fasilələr səbəbindən Asiya və Avropadakı alıcılara mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üzrə fors-major rejiminin müddətini uzadıb.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, Pakistan və Banqladeşə tədarüklərin ləğvi ilə bağlı bildirişlər göndərilib. Bu ölkələr üçün məhdudiyyətlər noyabr ayına qədər uzadılıb. İtaliyanın enerji şirkəti “Edison” da özünə tədarüklərin dekabrın əvvəlinə qədər dayandırıldığını təsdiqləyib. Ən azı bir Hindistan idxalçısı da analoji bildiriş alıb.
“Bloomberg” qeyd edir ki, Qətərin tətbiq etdiyi məhdudiyyətlər Avropa İttifaqı ölkələrinin yeraltı LNG anbarlarını planlaşdırılan müddətdə doldurmasına mane olacaq.
Bu, Qətərin atdığı ilk belə addım deyil. ABŞ-ın İranla müharibəsi başlayandan bəri “QatarEnergy” təxminən ayda bir dəfə fors-major rejimini yeniləyir və müqavilə əsasında nəzərdə tutulan tədarükləri ləğv edir. Təsirə məruz qalan yüklərin ümumi sayı 29-a çatıb ki, bu da təxminən 3,8 milyard kubmetr qaza bərabərdir.
Problemin əsas səbəbi Hörmüz boğazındakı vəziyyət olaraq qalır. İran boğazın açılması ilə bağlı şərtləri yumşaltmaq niyyətində deyil, ABŞ-la danışıqlar isə dalana dirənib. Əvvəllər dünya üzrə LNG tədarükünün təxminən beşdə biri bu boğazdan keçirdi. Qətərin isə ixrac üçün demək olar ki, alternativ marşrutları yoxdur.
Qətərin istehsal gücləri də tam bərpa edilməyib. Mart ayında Ras-Laffandakı zavoda hücum edilib və ixrac güclərinin təxminən 17%-i sıradan çıxıb. Zədələnmiş istehsal xətlərinin tam bərpası isə üç ildən beş ilədək davam edə bilər.
Samir


