Hindistanda polis sosial şəbəkələrdə sərvəti ilə öyünən bloqerin evindən böyük məbləğdə oğurluq hadisəsini araşdırır. Cinayətkarlar evdən təxminən 100 min dollar dəyərində zinət əşyaları və pul aparıblar.
HİT.az xəbər verir ki, bu barədə “Gulf News” yazır.
Hadisə Tamilnad ştatında ailənin evdən getdiyi vaxt baş verib. Polisə görə, oğrular arxa qapını sındıraraq təxminən 950 qram qızıl, almaz zinət əşyaları və 50 min rupi nağd pul götürüblər.
İstintaqçılar qadının sosial şəbəkələrdəki hesablarına da diqqət yetiriblər. Bloqer mütəmadi olaraq qızıl zinət əşyalarını və pul dəstələrini nümayiş etdirdiyi videolar yayımlayıb. Videoların birində o, hətta uşağının üzərinə əskinaslar səpib.
Bundan başqa, qadın bəzi paylaşımlarında ailəsinin səfərləri barədə məlumat verib, hara və hansı məqsədlə getdiklərini açıqlayıb. Hazırda polis cinayətkarların onun hesabını izləyib-izləmədiyini və bu məlumatlardan evdə hansı qiymətli əşyaların olduğunu, eləcə də ev sahiblərinin nə vaxt evdə olmayacağını müəyyənləşdirmək üçün istifadə edib-etmədiklərini araşdırır.
Şübhəlilərin axtarışı üçün beş xüsusi qrup yaradılıb. İstintaqçılar müşahidə kameralarının görüntülərini, barmaq izlərini və sosial şəbəkələrdəki fəaliyyəti araşdırırlar.
Samir


