KİV: İrlandiya Rusiyanın hərbi sənayesinə mühüm xammal verir

DÜNYA
18:18 / 28.09.2026
43

İrlandiyanın qərbində yerləşən “Aughinish Alumina” zavodu Rusiyanın alüminium sənayesində istifadə etdiyi alüminanın əhəmiyyətli hissəsini tədarük edir. Bu xammaldan Rusiya hərbi sənayesi üçün müxtəlif məhsulların hazırlanmasında istifadə olunur.

HİT.az xəbər verir ki, “The Economist” yazıb.

Nəşrin məlumatına görə, alüminium oksidi olan alümina “RusAl”ın Sibirdəki müəssisələrinə göndərilir. Burada istehsal olunan alüminium daha sonra Moskvanın “ASK” treyderi kimi şirkətlərə satılır. “ASK” isə məhsulları Rusiyanın 100-dən çox müdafiə müəssisəsinə tədarük edir.

Bu müəssisələr arasında X-101 qanadlı raketləri üçün giroskoplar, “Suxoy” qırıcılarının mühərrikləri və “İsgəndər-M” ballistik raketinin komponentlərini istehsal edən zavodların olduğu bildirilir.

“Aughinish Alumina” zavodu indiyədək Rusiyaya qarşı Avropa İttifaqının sanksiya siyahısına daxil edilməyib. Lakin bir sıra Aİ ölkələri oktyabrda müzakirəyə çıxarılacaq yeni sanksiya paketinə Rusiyaya alümina ixracının qadağan edilməsini daxil etmək istəyir.

“The Economist”in məlumatına görə, zavodun Rusiyaya ixracının həcmi 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasından sonra kəskin artıb. 2021-ci ildə müəssisənin ixracının 24 faizi Rusiyaya yönəldiyi halda, 2025-ci ildə bu göstərici 68 faizə çatıb.

Zavod “RusAl”a məxsusdur və burada təxminən 1000 nəfər çalışır. Şirkətin məlumatına görə, müəssisənin qaz elektrik stansiyasından əldə edilən artıq elektrik enerjisi milli şəbəkəyə ötürülür və təxminən 200 min ev təsərrüfatının tələbatını qarşılaya bilir.

Nəşr qeyd edir ki, zavodun sanksiya siyahısına salınması onun bağlanmasına səbəb olsa belə, Avropanın alüminium sənayesi üçün alternativ alümina mənbələri mövcuddur. Eyni zamanda belə bir addım Rusiyanın hərbi sənayesinə təsir göstərə bilər.

“The Economist”in məlumatına görə, 2024-cü ildə İrlandiya Rusiyaya alümina tədarük edən ölkələr arasında Çin və İndoneziyadan sonra üçüncü yerdə olub. Növbəti Aİ sanksiyalar paketi üzrə danışıqların oktyabrın əvvəlində başlaması gözlənilir.

Samir

0