Dost tapmağa mane olan 6 vərdiş: İnsanları özünüzdən uzaqlaşdıra bilərsiniz

MARAQLI
19:58 / 28.09.2026
45

Bəzi insanların geniş dost çevrəsinin olmamasının səbəbi yalnız utancaqlıq və ya sosial bacarıqların zəifliyi deyil. Gündəlik davranış və vərdişlər də yeni münasibətlər qurmağa və onları davam etdirməyə mane ola bilər.

HİT.az xəbər verir ki, “Your Tango” nəşri insanları bir-birindən uzaqlaşdıra bilən və dostluq münasibətlərinin yaranmasını çətinləşdirən 6 vərdişi açıqlayıb.

Yeni tanışlarda ilk növbədə qüsur axtarmaq – insanın qarşısındakını daha yaxından tanımasına mane ola bilər. Xarici görünüş, geyim və ya davranışdakı xırda detallara həddindən artıq diqqət yetirmək potensial dostluğun başlanmasına mənfi təsir göstərə bilər.

Özünü başqalarına açmamaq da münasibətlərin inkişafına mane olan amillərdəndir. İnsanların incinmək və ya xəyal qırıqlığı yaşamaq qorxusu ilə hisslərini və düşüncələrini bölüşməkdən çəkinməsi zamanla tənhalığa səbəb ola bilər.

Mütəxəssislər həmçinin insanın özünü kifayət qədər tanımamasının münasibətlərə təsir etdiyini bildirirlər. Öz maraqlarını, xarakter xüsusiyyətlərini və fərdi keyfiyyətlərini müəyyənləşdirə bilməyən insanlar bəzən ətrafındakıların davranışlarını mənimsəyir və özünəməxsusluqlarını inkişaf etdirməkdə çətinlik çəkirlər.

Digər vərdiş isə insanla yaxınlaşmağa çalışdıqdan sonra marağı itirməkdir. Belə şəxslər yeni tanışlığın ilk mərhələsində qarşı tərəfin diqqətini qazanmağa çalışır, lakin münasibət qarşılıqlı xarakter aldıqda geri çəkilirlər. Bunun səbəblərindən biri daha dərin münasibət qurmaq qorxusu ola bilər.

Perfeksionizm də dostluq münasibətlərinə mənfi təsir göstərə bilər. Həm özünə, həm də başqalarına qarşı yüksək və real olmayan gözləntilər formalaşdıran insanlar tez-tez tənqidi yanaşma sərgiləyirlər. Bu isə qarşı tərəfin onlardan uzaqlaşmasına səbəb ola bilər.

Nəhayət, sosial şəbəkələrdən həddindən artıq istifadə canlı ünsiyyətin keyfiyyətini azalda bilər. Telefon və sosial platformalarla daim məşğul olmaq qarşılıqlı söhbətə diqqət ayırmağa mane olur və real münasibətlərin inkişafını çətinləşdirə bilər.

Məqalədə vurğulanır ki, bu davranışlardan hər hansı birinin insanda olması onun dostluq münasibətləri qura bilməyəcəyi anlamına gəlmir. Lakin həmin vərdişlərin fərqinə varmaq ünsiyyət zamanı problemləri müəyyənləşdirməyə kömək edə bilər.

Samir
 

0