Daşqınlar Taylanda 327 milyon dollar zərər vurub

DÜNYA
17:35 / 28.09.2026
50

Taylandda iki həftədən artıqdır davam edən güclü yağışlar və daşqınlar ölkə iqtisadiyyatına ən azı 11 milyard bat (327 milyon dollar) zərər vuracaq. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Rangsit Universitetinin iqtisadçısı Aat Pisanvanıçın məlumatlarına istinadən xəbər yayıb.

Ekspertin hesablamalarına görə, təbii fəlakət ölkədə illik ÜDM artımının 0,3 faiz bəndi azalaraq 2,1%-ə, rüblük artımın isə 0,5 faiz bəndi azalaraq 1,7%-ə düşməsinə səbəb olacaq.

Onun fikrincə, təbii fəlakətdən ən ciddi zərər Banqkokun və ölkənin şərq rayonlarının iqtisadiyyatına, ilk növbədə topdan və pərakəndə ticarətə dəyəcək. Öz növbəsində, Tayland Ticarət Palatası Universitetinin ekspertləri daşqınların ümumi zərərinin təxminən 370 milyon dollar təşkil edəcəyini hesab edirlər.

Hazırkı daşqınlara səbəb olan güclü yağışlar sentyabrın 16-da başlayıb və hələ də davam edir. İndiyədək ölkədə səkkiz nəfər həlak olub, 580 mindən çox yaşayış evinə ziyan dəyib. Onlardan 52 minə yaxını paytaxtın payına düşür.

Sentyabrın 26-da Banqkokun bütün 50 rayonunda fəlakət rejimi elan edilib. Paytaxtdakı təxliyə mərkəzlərində təxminən 6 min nəfər yerləşdirilib.

Ümumilikdə, daşqınlar ölkə üzrə 1,7 milyon sakinə təsir edib. Tayland Daxili İşlər Nazirliyinin məlumatına görə, su basmış ərazilərdə yaşayan 80 mindən çox insan evlərini tərk edərək təhlükəsiz ərazilərə gedə bilmir.

Samir
 

0