Misirin Giza piramidalarında aparılan araşdırma zamanı Xafre piramidasının zirvəsində 1902-ci ilə aid olduğu ehtimal edilən maraqlı yazı aşkarlanıb.
HİT.az xəbər verir ki, misirli fotoqraf Osama Şərif Əl-Mədani piramidaların çəkdiyi fotolarını araşdırarkən qədim tikililərin üzərində turistlər tərəfindən buraxılmış köhnə yazıları üzə çıxarıb. Onların arasında “J. Neilson, Glasgow, 1902” yazısı da olub.
Mütəxəssislər yazının müəllifinin həmin dövrdə tanınmış şotland həvəskar alimlərindən biri olan Ceyms Neilson ola biləcəyini ehtimal edirlər. Neilson Qlazqo Geologiya Cəmiyyətinin idarə heyətinin üzvü və sədr müavini olub, müxtəlif elmi ekspedisiyalara rəhbərlik edib.
Məlumata görə, o, 1902-ci ilin mayında Misirə səfəri barədə “Misirə son səfər haqqında qeydlər” adlı məruzə də hazırlayıb. Onun Misirin məbədləri və abidələrində istifadə olunan daşlarla, həmçinin arxeologiya və geologiya ilə maraqlandığı bildirilir.
Qlazqo Geologiya Cəmiyyətinin katibi İen Millar qeyd edib ki, yazıdakı 1902-ci il tarixi Neilsonun Misirdə olduğu dövrlə üst-üstə düşür. Lakin yazının əvvəlindəki “J” hərfinin Con, Conatan və ya Culian adlarından birinə aid ola biləcəyi üçün müəllifin kimliyini tam dəqiqliklə müəyyənləşdirmək mümkün deyil.
Mütəxəssislər tarixi və mədəni abidələr üzərində ad və simvolların həkk edilməsinin çox qədim ənənə olduğunu, lakin belə hərəkətlərin təşviq edilməməli olduğunu vurğulayıblar.
Qeyd edək ki, Xafre piramidasındakı yazıdan daha əvvəl Qlazqodan olan məşhur sahibkar Tomas Lipton da Gizada iz qoyub. Məlumata görə, o, 1882-ci ildə Misirə səfəri zamanı Böyük Piramidanın girişinin üzərində soyadının və “Şotlandiya” sözünün həkk olunması üçün pul ödəyib.
Samir


