NATO gələcək təhdidləri müzakirə etməklə kifayətləndiyi və “narahatlıq” ifadələri ilə məhdudlaşdığı müddətdə alyans zəif oyunçu olaraq qalır.
HİT.az xəbər verir ki, bu barədə Robert “Madar” Brovdi “The Telegraph”a müsahibəsində bildirib.
“Madar”ın sözlərinə görə, NATO daxilində alyansın Rusiyanın təhdidlərinin qarşısını almaq imkanlarını məhdudlaşdıran Kremlin tərəfdarı olan siyasi fiqurlar hər zaman olacaq. O, Slovakiyanın baş naziri Robert Fitsonu nümunə göstərərək NATO-nun Ukraynada müharibəni davam etdirməsi üçün Rusiyanı təhrik etdiyini iddia edən siyasi mövqelərin alyansın fəaliyyətinə təsir etdiyini söyləyib.
Brovdi həmçinin bildirib ki, Ukraynadakı müharibə Rusiyaya dünyanın ən güclü ordularından birini yaratmaq məqsədini həyata keçirmək üçün genişmiqyaslı təcrübə meydanı verib. Onun sözlərinə görə, Rusiya kifayət qədər hazırlıqlı olmayan NATO ilə qarşıdurmaya hazırlaşa bilər.
“Müharibənin əvvəlində bütün dünya əvvəlcə gülümsədi, sonra isə Putinin ordusunun dünyanın ikinci ən güclü ordusu olması fikrinə güldü. Sizə deyim: zarafat vaxtı keçib. NATO generallarına ritorik sualım var: bunun öhdəsindən gələ biləcəyinizə tam əminsinizmi? Cavab verməyə ehtiyac yoxdur”, – Brovdi deyib.
“Madar”ın sözlərinə görə, Avropadakı müttəfiq ölkələr Ukraynanın pilotsuz sistemlər qruplaşması nümunəsində öz pilotsuz sistemlərini formalaşdırırlar.
O, xüsusilə Böyük Britaniyanın iyul ayında hərbi dronların tətbiqini sürətləndirmək üçün yeni işçi qrupunun yaradıldığını açıqlamasını xatırladıb. Lakin rəhbərliyin dəyişməsindən sonra Londonda bu planların təxirə salındığını bildirib.
“Böyük Britaniyada hökumət dəyişdi, proseslər yavaşladı və istiqamət yenidən dəyişdi. Bununla da vaxt itirilir, halbuki Böyük Britaniyanın bu sahədə əsas təchizatçı olmaq üçün bütün imkanları var”, – “Madar” qeyd edib.
Brovdi əlavə edib ki, hazırda NATO-nun dörd ölkəsi öz pilotsuz sistemlərinin arxitekturasını yaradır. Lakin həmin ölkələrin heç biri bu barədə hələlik rəsmi məlumat açıqlamayıb.
“Mən bunu tam dəstəkləyirəm. Əvvəlcə et, sonra danış. Əks halda Böyük Britaniyanın düşdüyü vəziyyətə düşəcəksən”, – Brovdi bildirib.
Samir


