“Hazırkı beynəlxalq vəziyyətin ən qalmaqallı proseslərindən biri də Venesuelada baş verir”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, adıçəkilən ölkədə baş verən proseslər dünyada supergüc “özbaşınalığına” bariz nümunədir:
“Lakin bu hal görünən tərəfdir. Kulisdə baş verən proseslərə nəzər salanda aydın olur ki, özbaşınalıq etməyin də əsasları var. Belə ki, ABŞ bu işi görmədən dünya siyasətində ona rəqib olan qüvvələrə qarşı səmərəli duruş gətirə bilməzdi. Çünki Venesuela dünyanın ən zəngin neft resurslarına malik ölkələrindən biridir. Bu isə pul, arxalı dostlar və siyasətdə yer tutmaq deməkdir.
Yeni dünya düzəninin qurulması fonunda ABŞ Prezidenti Donald Tramp Venesuelada dəyişiklik etməsəydi, Çin, Rusiya və İran kimi rəqabət apardığı ölkələrin qarşısında çətin duruma düşərdi. Venesuelada son ayların hadisələri artıq Latın Amerikasının siyasi xəritəsini dəyişdirən proseslərdən birinə çevrilib”.
Ekspertin sözlərinə görə, bir neçə ay əvvəl əsas sual Nikolas Maduronun hakimiyyətdə qalacağı, yoxsa müxalifətin hakimiyyətə gələcəyi idisə, indi vəziyyət tamamilə başqadır:
“Maduro artıq hakimiyyətdə deyil. ABŞ-nin 2026-cı ilin yanvarında həyata keçirdiyi hərbi əməliyyatdan sonra onun ölkədən çıxarılması Venesuelada yeni siyasi mərhələnin başlanmasına səbəb olub.
Hazırda ölkəyə Delsi Rodrigez rəhbərlik edir və Vaşinqton onun keçid hakimiyyətini tanıyıb. Bu vəziyyət isə daha mürəkkəb sual doğurur: ABŞ Venesuelada nə qədər qalacaq və ölkənin gələcək hakimiyyətini kim müəyyənləşdirəcək? Maduro dövrü bitdi, amma problem bitmədi. Maduronun hakimiyyətdən uzaqlaşdırılması Venesuelanın siyasi böhranını avtomatik həll etmədi. Çünki məsələ yalnız bir şəxsin hakimiyyətdən getməsindən ibarət deyil”.
Həmsöhbətimiz qeyd edib ki, Venesualada uzun illər ərzində formalaşmış siyasi, hərbi, iqtisadi və inzibati sistem mövcuddur:
“Köhnə sistemin əsas hissələri qalır, lakin onun üzərində ABŞ-nin güclü siyasi və iqtisadi təsiri formalaşır. Vaşinqton üçün əsas məsələlərdən biri siyasi sabitlik, neft sektorunun bərpası və Venesuelanın ABŞ iqtisadi sisteminə yenidən inteqrasiyasıdır. Bu baxımdan Rodrigez Ağ Ev üçün müəyyən mənada praktik tərəfdaş rolunu oynaya bilər. ABŞ-nin onun hakimiyyətini tanıması və eyni zamanda Venesuela ilə bağlı neft siyasətini dəyişməsi bunun göstəricisidir.
ABŞ şirkətlərinin Venesuela neft sektoruna qayıtması üçün imkanlar genişlənib və Vaşinqton ölkənin enerji resurslarına böyük maraq göstərir. Ölkənin nəhəng neft ehtiyatları onu ABŞ üçün strateji əhəmiyyətli dövlətə çevirir. Burada enerji təhlükəsizliyi, neft bazarı, investisiya, miqrasiya və Çinin regiondakı təsirinin məhdudlaşdırılması kimi amillər də var”.
N. Novruzov ABŞ-nin Venesualadan çəkilmə ehtimalı ilə bağlı isə bunları söyləyib:
“Qarşıda duran suallardan biri də budur: ABŞ Venesueladan çəkilə bilərmi? Bəli, hərbi baxımdan geri çəkilə bilər. Amma siyasi və iqtisadi baxımdan tamamilə çəkilməsi daha çətin görünür. Vaşinqton artıq əsas məqsədlərindən birinə nail olub: Maduro hakimiyyətdən uzaqlaşdırılıb. İndi Vaşinqtonun qarşısında başqa məsələ dayanır - bu nəticəni necə qorumaq olar?
Əgər ABŞ bütün siyasi və iqtisadi təsir mexanizmlərini birdən-birə kənara qoyarsa, Venesuelada yaranmış boşluğu başqa güclər doldura bilər. İlk növbədə Çin, daha sonra Rusiya və İran. Bu səbəbdən ABŞ-nin Venesueladan tamamilə uzaqlaşması Vaşinqtonun strateji maraqları baxımından o qədər də məntiqli görünmür. Daha real variant Ağ Evin birbaşa hərbi iştirakını azaltması, ancaq siyasi və iqtisadi təsirini qorumasıdır.
İndi Venesuelanın qarşısında taleyüklü məsələ durur. Ölkə ABŞ-nin protektoratına çevrilə bilərmi? Yəqin, Donald Trampa qalsa, bu, arzuolunandır. Lakin bu heç də asan məsələ deyil. Ən azından özünü dünyada “demokratiya carçısı” sayan Amerika üçün başucaldan məsələ deyil. Yəni, pərdənin yırtılmasını siyasətçilər o qədər də sevmirlər. Ancaq bir şey məlumdur ki, hazırda Venesuelada gedən proseslərdə ABŞ Administrasiyasının təsiri böyükdür”.
Siyasi şərhçi vurğulayıb ki, hadisələrin gedişi bir ehtimalı da gündəmə gətirir:
“Venesuelada yeni lider yarana bilər. Bu şəxsin Amerikanın adamı, yaxud ölkənin siyasi elitasından çıxmış biri olması zaman məsələsidir. Çünki köhnə siyasi elita ilə bugünkü müxalifət arasında siyasi hakimiyyətin istiqaməti haqda hazırda qızğın müzakirələr gedir. Ola bilər ki, kompromis hakimiyyət də formalaşsın. Yəni, siyasi qüvvələrin koalisiyası yaransın. Təbii ki, hakimiyyətin hansə şəkildə formalaşmasından asılı olmayaraq əsas məsələ onun Ağ Ev administrasiyası ilə “yola getməsi” əsas şərt olacaq”.
Elmir Mustafa


