Avropa İttifaqının müdafiə imkanlarında müdafiə xərclərinin ÜDM-in 2,2%-nə çatdırılmasına baxmayaraq, böyük boşluqlar qalmaqdadır.
HİT.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Biz artıq çox iş görmüşük. Müdafiəyə investisiyalar artıb, lakin eyni zamanda müdafiə imkanlarımızda böyük boşluqlar qalmaqdadır. İndi isə diqqətimizi məhz bu çatışmazlıqları necə aradan qaldıracağımıza yönəltməliyik”, – Kallas deyib.
Kaya Kallas bildirib ki, Aİ ölkələrinin müdafiə nazirləri Ukraynaya öz ehtiyatlarından “Patriot” sistemləri üçün raketlərin verilməsi imkanını müzakirə edəcəklər. Bunun müqabilində Kiyev tərəfindən maliyyələşdirilən daha sonrakı tədarüklərlə həmin ehtiyatların bərpası nəzərdə tutulur.
“Ukraynanın hava hücumundan müdafiəyə ciddi ehtiyacı var. Biz bu çağırışı yenidən anbarlarında [“Patriot” üçün raketlər] olan ölkələrə edirik. Onlar həmin raketləri Ukraynaya verə bilərlər ki, daha sonra istehsal olunacaq “Patriot” raketləri onların ehtiyatlarını yenidən doldursun”, – Kallas bildirib.
O, həmçinin Avropa Sülh Fondunun artıq bloklanmadığını və bu səbəbdən Ukrayna üçün silahların birgə alınmasına daha 1 milyard avro yönəldiləcəyini açıqlayıb.
Bundan əvvəl Aİ-nin müdafiə və kosmos üzrə komissarı Andryus Kubilyus bildirib ki, Aİ ölkələri birgə hərbi layihələrin uğursuzluğu və pilotsuz uçuş aparatlarının istehsalı üçün xammal çatışmazlığı ilə üzləşib. Kubilyus əlavə edib ki, Avropanın müdafiə sahəsində əməkdaşlığı çox vaxt iddialı planlarla başlayıb, daha sonra isə öz sürətini itirib. Onun sözlərinə görə, buna texniki çətinliklər, idarəetmə problemləri və “milli sənaye eqoizmi” səbəb olub. Komissar vurğulayıb ki, hazırda Aİ-nin sənaye potensialı hərbi ehtiyaclardan geri qalır.
Samir


