Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr müharibənin xarakterini dəyişib və ölkənin Avropa hissəsində “təhlükəsiz arxa cəbhə” anlayışını aradan qaldırıb.
HİT.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdi “The Telegraph”a müsahibəsində deyib.
Onun sözlərinə görə, əvvəlki müharibələr zamanı Rusiyanın mülki əhalisi döyüşlərin birbaşa təsirini ciddi şəkildə hiss etmirdi. Lakin 2026-cı ildə Ukraynanın uzaqmənzilli və dərinliklərə yönəlmiş əməliyyatları bu vəziyyəti dəyişib.
Brovdi bildirib ki, bu zərbələr bir neçə məqsədə xidmət edir. Bunların arasında Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi mənbələrə təsir göstərmək, silah istehsalını hədəfə almaq və Rusiya əhalisinin psixoloji vəziyyətinə təsir etmək var.
“Dərinlik baryeri uğurla dəf edilib və bu, Ukrayna Müdafiə Qüvvələrinin gündəlik zərbələri ilə dəfələrlə təsdiqlənir”, – deyə o bildirib.
Komandan qeyd edib ki, sentyabrın 20-də Moskva yaxınlığında müdafiə sənayesi müəssisələrinə endirilən genişmiqyaslı zərbələr Ukraynanın müharibə strategiyasında baş verən dəyişikliklərin göstəricisidir. Onun sözlərinə görə, bu yanaşma Rusiya-Ukrayna müharibəsi zamanı formalaşıb və müasir müharibə anlayışını dəyişdirib.
Brovdi Rusiya ilə mümkün enerji atəşkəsi müzakirələrinə də münasibət bildirib. O, 2026-cı ildə enerji sahəsində atəşkəs barədə dialoq ehtimalının yaranmasını Ukraynanın uzaqmənzilli əməliyyatlarının nəticəsi kimi qiymətləndirib.
Qeyd edək ki, son günlər Ukrayna qüvvələrinin Rusiyanın neft infrastrukturu obyektlərinə qarşı zərbələri də davam edib. Sentyabrın 28-nə keçən gecə Krasnodar vilayətində “Edelveys-95” neft bazasının pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığı və ərazidə yanğın baş verdiyi bildirilib.
Samir


