FT: Avropa Rusiyaya qarşı NATO üslubunda "hibrid müdafiə" hazırlayır

DÜNYA
14:14 / 28.09.2026
48

Avropa ölkələri Rusiyanın sabotaj, kiberhücum və digər hibrid xarakterli fəaliyyətlərinə qarşı kollektiv cavab mexanizmi yaratmağı müzakirə edir.

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Müzakirələrin əsas məqsədi NATO-nun 5-ci maddəsinin tətbiqi üçün kifayət etməyən, lakin ölkələrin milli təhlükəsizliyinə ciddi təhdid yaradan hücumlara qarşı birgə tədbirlər müəyyənləşdirməkdir.

Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bildirib ki, hibrid müharibəyə qarşı hibrid müdafiə mexanizmi yaradılmalıdır. Onun sözlərinə görə, Avropa belə hücumlara hansı vasitələrlə cavab verəcəyini əvvəlcədən müəyyənləşdirməlidir.

Aİ müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə fövqəladə təhlükəsizlik protokolunun yaradılması təklifinin müzakirə olunması gözlənilir. Mexanizmin üzv ölkələrdən birinə qarşı oxşar hücum baş verdikdə işə salınması və cavab tədbirlərinin əlaqələndirilməsi nəzərdə tutulur.

Bu yanaşmanın NATO-nun 4-cü maddəsinə müəyyən qədər bənzəyəcəyi bildirilir. Sözügedən maddə üzv ölkənin təhlükəsizliyinin təhdid altında olduğunu hesab etdiyi halda məsləhətləşmələrin keçirilməsinə imkan verir.

Bununla belə, Avropa ölkələri arasında yeni mexanizmin necə işləyəcəyi ilə bağlı fikir ayrılıqları qalır. Bəzi diplomatlar NATO ilə paralel qərarvermə mexanizminin yaradılmasının prosesləri daha da mürəkkəbləşdirə biləcəyindən ehtiyat edirlər.

Məlumata görə, Avropa ölkələri son illərdə Rusiyanı kiberhücumlar, sabotaj, dəmir yolu infrastrukturlarına müdaxilə, yanğınlar və digər insidentlərdə ittiham edib. Bu hadisələrin bir çoxu NATO-nun kollektiv müdafiə mexanizminin işə düşməsi üçün tələb olunan həddə çatmayıb.

Kubilyus Rusiyaya qarşı cavab tədbirlərinin də təsirli olmasının vacibliyini vurğulayıb. O bildirib ki, Moskva bu cür fəaliyyətlərin nəticəsiz qalmayacağını bilməlidir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də daha əvvəl Avropanın mövcud institutları və qərarvermə mexanizmlərinin yeni təhlükəsizlik reallıqlarına uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib. O, qitənin hibrid təhdidlərə qarşı kollektiv fəaliyyət planına ehtiyac olduğunu qeyd edib.

Samir

0