Alimlər Ayın uzaq tərəfində onun milyardlarla il əvvəl maqnit sahəsinə malik olduğunu göstərən yeni dəlillər aşkarlayıblar.
HİT.az xəbər verir ki, araşdırma zamanı Ayın “Dyuvar” adlanan və Yerdən görünməyən bölgəsinin orbital zondlardan əldə edilmiş məlumatları təhlil edilib. Tədqiqatçılar burada ətrafdakı süxurlardan daha sıx və güclü maqnitlənmiş qeyri-adi geoloji struktur aşkar ediblər.
Alimlərin fikrincə, təxminən 60 kilometr enində və 9 kilometr dərinliyində olan bu struktur qədim vulkanik kompleks ola bilər. Ehtimal olunur ki, təxminən 4,2 milyard il əvvəl Ayın daxilindən qalxan maqma səthə çatmadan soyuyub və həmin dövrdə mövcud olan maqnit sahəsinin təsiri ilə maqnitlənib.
Tədqiqat müəllifləri hesab edirlər ki, həmin vaxt Ayın maqnit sahəsinin gücü Yerinkinin təxminən beşdə biri ilə üçdə biri arasında olub.
Alimlər uzun müddətdir Ayın keçmişdə maqnit sahəsinə sahib olub-olmadığını müzakirə edirlər. Bu mübahisə 1970-ci illərə, “Apollo” missiyaları zamanı Yerə gətirilən Ay süxurlarında qədim maqnit sahəsinin izlərinin aşkarlanmasına qədər gedib çıxır.
Əvvəllər alimlərin əksəriyyəti Ayın maqnit sahəsinin təxminən 4,25-3,5 milyard il əvvəl aktiv olduğu qənaətində idi. Lakin sonrakı illərdə “Apollo” missiyalarının gətirdiyi nümunələrin yeni analizləri həmin dövrün bəzi mərhələlərində maqnit siqnalı aşkar etməyib. Bu isə bəzi tədqiqatçıların Ayın ilkin “dinamo” mexanizminin mövcudluğunu belə şübhə altına almasına səbəb olub.
Yeni araşdırma isə Ayın erkən dövründə daxili dinamonun mövcudluğuna dair əlavə sübut təqdim edir.
NASA-nın məlumatlarına görə, təxminən 3,2 milyard il əvvəl Ayın daxili təbəqələri soyuduqca maqnit sahəsi əhəmiyyətli dərəcədə zəifləyib. Bunun nəticəsində Ay Günəş radiasiyasından əvvəlki səviyyədə qoruna bilməyib.
Alimlər bildirirlər ki, Ayın qədim maqnit sahəsinin tarixini dəqiq müəyyənləşdirmək onun daxili quruluşunun və geoloji inkişafının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədqiqatçıların fikrincə, əldə olunan nəticələr təkcə Ayın deyil, digər göy cisimlərinin də keçmişini araşdırmağa kömək edə bilər.
Samir


