Nəsli min illər əvvəl kəsilmiş yunlu mamontların yenidən dünyaya gətirilməsi ilə bağlı layihənin reallaşma müddəti uzadılıb. Tədqiqatçıların fikrincə, ilk mamontun 2030-cu illərin əvvəllərində dünyaya gəlməsi mümkün ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
ABŞ-ın Dallas şəhərində fəaliyyət göstərən “Colossal Biosciences” şirkəti mamontu bərpa etmək üçün süni intellekt, genetik redaktə və Sibirin donmuş torpağından əldə edilmiş mamont DNT-sindən istifadə edir.
Şirkət 2024-cü ildə ilk mamont balasının təxminən dörd il ərzində əldə edilə biləcəyini açıqlamışdı. Lakin sonrakı araşdırmalar genetik prosesin gözləniləndən daha mürəkkəb olduğunu göstərib.
“Düşünürük ki, bu, 2030-cu illərin əvvəllərində baş verəcək”, - şirkətin baş direktoru Ben Lemm bildirib.
O, konkret tarix müəyyənləşdirilmədiyini də qeyd edib: “2036-cı il deyil, amma 2030-cu il də deyil”.
Layihənin qarşısında duran əsas problemlərdən biri fil hüceyrələrinin genetik redaktəsidir. Əvvəlcə alimlər fil hüceyrəsinin nüvəsini mamontun genetik xüsusiyyətlərinə yaxınlaşdırmaq üçün təxminən 60 genin dəyişdirilməsinin kifayət edəcəyini düşünürdülər. Sonrakı araşdırmalar isə 150-dən çox genin redaktə edilməsinin lazım ola biləcəyini göstərib.
Tədqiqatlar bununla yanaşı, müasir fillərin və mamontların genetik quruluşunun daha yaxşı öyrənilməsinə imkan verir. Alimlər mamontun böyük qulaqları kimi xüsusiyyətlərlə əlaqəli genləri də müəyyənləşdiriblər.
Şirkət artıq müəyyən nəticələr əldə edib. Tədqiqatçılar mamontun genetik kodundan istifadə etməklə qalın tüklərin inkişafına cavabdeh xüsusiyyətləri daşıyan 38 genetik modifikasiya olunmuş “yunlu siçan” yaradıblar. Bu təcrübələr ayrı-ayrı genetik dəyişikliklərin təsirini yoxlamağa imkan verir.
“Colossal Biosciences” süni intellekt və CRISPR gen redaktəsi texnologiyalarından yalnız mamont layihəsində istifadə etmir. Şirkət həmçinin nəsli kəsilmiş dodo quşu, Tasmaniya pələngi və moa quşunun bərpası istiqamətində tədqiqatlar aparır.
Samir


