Astronomlar Günəş sisteminin gələcəyi ilə bağlı yeni nəticələr əldə ediblər. Yeni kompüter simulyasiyaları göstərir ki, Günəşin kütlə itirməsi xarici planetlərin orbitlərini gözləniləndən daha tez qeyri-sabit vəziyyətə gətirə bilər.
HİT.az xəbər verir ki, bu barədə “AAS Nova” məlumat yayıb.
Əvvəlki tədqiqatlarda Günəşin tədricən kütlə itirməsi nəticəsində planetlərin orbitlərinin təxminən iki dəfə genişlənəcəyi, lakin onların uzun müddət sabit qalacağı hesablanırdı. Hətta bəzi modellərə görə, planetlərin orbitləri kainatın indiki yaşından dəfələrlə uzun müddət – kvintilyon il ərzində sabit qala bilərdi.
Lakin bu hesablamalarda Günəşin kütlə itirməsi əsasən hamar və fasiləsiz proses kimi modelləşdirilib.
Kaliforniya Texnologiya İnstitutundan Konstantin Batıginin rəhbərlik etdiyi komanda isə Günəşin qırmızı nəhəng mərhələsində baş verə biləcək ani və müxtəlif istiqamətli kütlə atılmalarını nəzərə alaraq yeni simulyasiyalar aparıb.
Tədqiqatçılar müəyyən ediblər ki, belə “itələmələr” planetlərin orbital hərəkətinə ciddi təsir göstərə bilər. Xüsusilə Yupiter-Saturn və Uran-Neptun cütlərinin orbital rezonansa daxil olması mümkündür. Bu zaman planetlərin fırlanma dövrləri müəyyən nisbətlərə uyğunlaşır.
Alimlərin hesablamalarına görə, Günəşin hər bir kütlə atması çox kiçik olduqda sistem əvvəlki modellərdəki kimi nisbətən sabit qalır. Lakin daha böyük atılmalar zamanı xarici planetlərin orbitlərinin pozulması ehtimalı əhəmiyyətli dərəcədə artır.
Ən böyük kütlə atılmalarında Günəş sisteminin xarici hissəsi artıq milyardlarla il ərzində dağılmağa başlaya bilər.
Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri Günəş sisteminin dağılmasının Günəşin ağ cırtdana çevrilməsindən əvvəl də baş verə biləcəyi ehtimalıdır.
Simulyasiyalara əsasən, Günəşin gələcəkdə atacağı kütlənin təxminən Günəş kütləsinin 10 mində biri səviyyəsində olması halında, modellərin təxminən 40 faizində planetlərin Günəş hələ qırmızı nəhəng mərhələsində olarkən dağılması və ya sistemdən güclü şəkildə səpələnməsi müşahidə edilib.
Simulyasiyaların təxminən 90 faizində isə xarici planetlərin dağılması və ya səpələnməsi ağ cırtdanın formalaşmasından sonrakı 3 milyard il ərzində baş verib.
Bu nəticələr Günəş sisteminin əvvəlki hesablamalarda nəzərdə tutulan son dərəcə uzun ömrünü əhəmiyyətli dərəcədə qısaldır. Yeni modelə görə, ağ cırtdanın formalaşmasından sonra Günəş sisteminin xarici hissəsinin mövcudluq müddəti əvvəlki hesablamalardakı milyard milyard illərlə müqayisədə təxminən 1 milyard il ola bilər.
Alimlər bildirirlər ki, nəticələr xüsusilə Günəş sisteminin xarici planetlərinin uzunmüddətli taleyini anlamaq baxımından əhəmiyyətlidir.
Samir


