Avropanın Rusiya ilə münasibətlərdə sərt mövqeyini uzun müddət qorumasına baxmayaraq, Ukrayna müharibəsinin dalana dirənməsi Moskva ilə müəyyən şərtlər daxilində birgəyaşayış məsələsini gündəmə gətirə bilər.
HİT.az “The Economist”ə istinadən xəbər verir ki, nəşrin təhlilinə görə, iqtisadi təzyiq və Rusiyanın daxilində artan narazılıq Vladimir Putini müharibəni dayandırmağa məcbur etməsə, Ukrayna və müttəfiqləri onunla müharibənin başa çatdırılması və ya ən azı dayandırılması üçün razılaşma yolları axtarmalı ola bilər.
Nəşr qeyd edir ki, xüsusilə Şimali Avropada, o cümlədən Skandinaviya və Baltikyanı ölkələrdə müxtəlif siyasi qüvvələr Putinə etibar edilməməsi barədə ortaq mövqedədir. Qərbin son dörd ildə əsas strategiyası “Rusiyanın qalib gəlməməsi, Ukraynanın isə məğlub olmaması” prinsipi üzərində qurulub. Lakin Böyük Britaniya, Fransa və Almaniyada bu yanaşmanın dəyişdirilməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilir.
“The Economist”ə görə, Putinin əməllərini açıq şəkildə pisləməyin həm praktiki, həm də siyasi səbəbləri var. Nəşr hesab edir ki, onun törətdiyi cinayətlərin ictimai şəkildə ifşa olunması Rusiyanın daha böyük eskalasiyaya getməsinin qarşısını müəyyən qədər ala bilər. Bununla yanaşı, Avropada bəzi populist qüvvələrin müharibədən yorulan seçicilərin narazılığından siyasi məqsədlərlə istifadə etməyə çalışdığı vurğulanır.
Məqalədə Rusiyanın beynəlxalq təcridinin də tam olmadığı qeyd edilir. Buna nümunə kimi ABŞ Prezidenti Donald Trampın Putini dekabr ayında Floridada keçiriləcək “G20” sammitinə dəvət etməsi göstərilir. Nəşr Çin və Hindistan liderlərinin də Rusiya prezidentinə münasibətdə daha müsbət mövqe nümayiş etdirə biləcəyini yazır.
“The Economist”in istinad etdiyi keçmiş ABŞ rəsmisi isə Ukrayna üçün ədalətli və davamlı sülhdən danışılmasına baxmayaraq, real razılaşmanın ədalətli olmaya biləcəyini bildirib. Onun fikrincə, Rusiya Ukrayna ərazilərinin bir hissəsinə nəzarəti saxlaya, Putinin isə müharibə cinayətləri ilə bağlı Haaqa qarşısında mühakimə olunmaması mümkündür.
Nəşr eyni zamanda Ukraynanın istənilən qərarına hörmət edilməsinin vacibliyini vurğulayır. Bildirilir ki, Ukrayna mükəmməl olmayan şərtlərlə sülhə razılaşmağa hazır olarsa, Avropa Kiyevdən müharibəni öz maraqları naminə davam etdirməsini tələb edə bilməz.
Məqalənin müəlliflərinə görə, Avropanın əsas vəzifəsi Ukraynanı mümkün qədər güclü vəziyyətə gətirməkdir. Onlar hesab edirlər ki, Rusiyanın tam qələbədən məhrum edilməsi Putinin təcavüzünə görə üzləşəcəyi yeganə ciddi nəticə ola bilər.
Samir


