SSRİ dövründə partladılmaq istənilən 400 illik tarixi abidə hələ də qorunur

DÜNYA
18:59 / 03.11.2026
49

Ukraynanın Xmelnitski vilayətində yerləşən, təxminən 400 illik arian qülləsi sovet dövründə dağıdılmaq cəhdindən sağ çıxıb. 1985-ci ildə istehkamçılar binanı partlatmaq istəsələr də, kifayət qədər trotil olmadığı üçün tarixi tikili tamamilə məhv edilməyib.

HİT.az xəbər verir ki, Tixomel kəndində yerləşən bu qüllə Avropada arian mədəniyyətinə aid dövrümüzə qədər gəlib çatan cəmi üç tikilidən biridir. Onların arasında ən yaxşı qorunmuş vəziyyətdə olanı da məhz bu abidədir. Tədqiqatçı Vitali Oluiko tikilinin tarixini və dağıdılmaq cəhdini “Suspilne”yə danışıb.

Qüllənin inşa tarixi və məqsədi

Qüllənin XVI əsrin sonu – XVII əsrin birinci yarısında tikildiyi ehtimal olunur. Həmin dövrdə Volın bölgəsində xristianlığın arianlıq cərəyanı yayılırdı. Bu dini istiqamət Müqəddəs Üçlük doqmasını qəbul etməməsi ilə fərqlənirdi.

Tixomeldə arian icmasının yaradılmasının təşəbbüskarı yerli torpaq sahibi, Senyut nəslinin nümayəndəsi olub. Qüllənin icma üçün ibadət yeri kimi istifadə edildiyi güman edilir. Rəvayətlərə görə, tikilinin Senyut ailəsinin məqbərəsi olması da nəzərdə tutulub. Binanın daxilində freskalar, aşağı hissəsində isə yeraltı bölmə mövcud olub.

1985-ci ildə partlatmağa cəhd ediblər

Sovet hakimiyyəti dövründə, 1985-ci ildə qülləni dağıtmaq üçün kəndə istehkamçılar göndərilib. Onlar tikiliyə partlayıcı yerləşdirsələr də, binanı tamamilə məhv etmək üçün kifayət qədər trotil ehtiyatları olmayıb.

Partlayış nəticəsində qüllənin bünövrəsinin bir hissəsi zədələnib. Yaxınlıqdakı kənddə evlərin pəncərələri sınıb, bəzi tikililərin divarlarında çatlar yaranıb. Bundan sonra istehkamçılar ərazini tərk edərək yenidən qayıdacaqlarını bildiriblər. Lakin onlar bir daha gəlməyiblər.

Tarixi abidənin bərpası planlaşdırılır

Qüllənin qorunması üçün bir neçə mərhələdən ibarət bərpa layihəsi hazırlanıb. İlk növbədə tikilinin dağılmasının qarşısını almaq məqsədilə tədbirlər görülüb. 2020-ci ildə vilayət büdcəsindən ayrılan vəsait hesabına qüllənin üzərində qoruyucu dam quraşdırılıb, ətrafı hasarlanıb.

Növbəti mərhələdə isə birbaşa restavrasiya işlərinin aparılması nəzərdə tutulur. Layihəyə qüllənin bərpası, pəncərələrin və döşəmənin quraşdırılması daxildir. Döşəmənin şəffaf materialdan hazırlanması planlaşdırılır ki, ziyarətçilər tikilinin yeraltı hissəsini də görə bilsinlər. Bundan başqa, abidənin ətrafında abadlıq işləri aparılacaq.

Samir

0