Saatda 60 kilometr sürət yığan qeyri-adi gəmirici: Dovşana bənzəyir, cüyür kimi qaçır

DÜNYA
19:19 / 03.11.2026
53

Cənubi Amerikada yaşayan Pataqoniya marası zahiri görünüşü və sürəti ilə diqqət çəkir. Uzun qulaqları, incə ayaqları və güclü arxa ətrafları olan bu heyvan qaçarkən kiçik antilopu, tullanarkən isə iri dovşanı xatırladır.

HİT.az xəbər verir ki, Dolichotis patagonum elmi adı ilə tanınan Pataqoniya marası gəmiricilər dəstəsinə, dəniz donuzları və kapibaraların da daxil olduğu kaviyalar fəsiləsinə aiddir. Görünüşcə dovşana bənzəsə də, onunla yaxın qohumluğu yoxdur.

Bu heyvanın təbii yaşayış arealı əsasən Argentinanı, xüsusilə Pataqoniya bölgəsinin geniş ərazilərini əhatə edir. Maralara açıq düzənliklərdə, quraq çöllərdə və alçaq kolluqlarda rast gəlinir. Seyrək bitki örtüyü ona ətrafı yaxşı müşahidə etməyə, təhlükə yarandıqda isə sürətlə uzaqlaşmağa imkan verir.

Görünüşü ilə digər gəmiricilərdən fərqlənir

Yetkin Pataqoniya maralarının bədən uzunluğu 60-80 santimetr, çəkisi isə 16 kiloqrama qədər ola bilər. Çiyin hündürlüyü təxminən 45 santimetrə çatır. Bədən quruluşu nisbətən iri olsa da, uzun və nazik ayaqları ona olduqca çevik görünüş verir.

Heyvanın iri, dik qulaqları dovşanın qulaqlarını xatırladır. Bu xüsusiyyət açıq ərazilərdə səsləri daha yaxşı eşitməsinə və yaxınlaşan yırtıcıları vaxtında hiss etməsinə kömək edir. Arxa ayaqlarındakı kiçik, dırnağa bənzər caynaqlar isə onun cüyürə oxşarlığını daha da artırır.

Maranın kürkü əsasən boz-qəhvəyi rəngdədir. Bədəninin bəzi hissələrində narıncı çalarlar, qarın nahiyəsində isə ağ rəng üstünlük təşkil edir. Bu rəng çalarları Pataqoniya çöllərində gizlənməsinə şərait yaradır.

Saatda 60 kilometr sürət yığa bilir

Pataqoniya marasının ən diqqətçəkən xüsusiyyətlərindən biri sürətidir. Əlverişli şəraitdə saatda 60 kilometrə qədər sürət yığa bilən bu gəmirici dünyanın ən sürətli nümayəndələrindən hesab olunur. Uzun ayaqları ona həm sürətlə qaçmağa, həm də böyük məsafələri tullanaraq qət etməyə imkan verir.

Mara yalnız qaçışla hərəkət etmir. O, bəzən dovşan kimi tullanır, bəzi hallarda isə dörd ayağını eyni vaxtda yerdən ayıraraq sıçrayır. Həmçinin bədəninin eyni tərəfindəki ayaqlarını birlikdə hərəkət etdirdiyi xüsusi yeriş formasından istifadə edir.

Pataqoniya marası gündüzlər aktiv olur. Əsas qidasını otlar, yaşıl bitkilər, toxumlar, meyvələr, çiçəklər və hətta kaktuslar təşkil edir. Digər bəzi gəmiricilər kimi, həzm olunmamış qida maddələrini yenidən mənimsəmək üçün öz ifrazatını da yeyir.

Həyat boyu cütlük şəklində yaşayırlar

Bu heyvanların maraqlı xüsusiyyətlərindən biri monoqam həyat tərzidir. Erkək və dişi mara adətən ömürlük cütlük yaradır. Onlar birlikdə qida axtarır, erkək isə dişini qoruyur və mümkün rəqibləri ərazidən uzaqlaşdırır.

Çoxalma dövründə bir neçə, bəzən isə onlarla cütlük ümumi yuva sistemindən istifadə edə bilir. Bu yuvalar balalar üçün təhlükəsiz sığınacaq rolunu oynayır. Dişi maralar balalarını qoxu və səslərinə görə tanıyır, buna görə də qarşılarına çıxan hər balanı əmizdirmirlər. Dişi balaları bəslədiyi halda, erkək ətrafı nəzarətdə saxlayaraq mümkün təhlükələri izləyir.

Samir
 

0