NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrinin silah ehtiyacının mövcud istehsal imkanlarını üstələdiyini bildirib. O, müdafiə sənayesi şirkətlərini istehsal həcmini artırmağa və yeni texnologiyaların tətbiqini sürətləndirməyə çağırıb.
HİT.az xəbər verir ki, Rutte bu barədə noyabrın 11-də Atlantikanın Gələcəyi Forumunda çıxışı zamanı danışıb.
NATO rəhbərinin sözlərinə görə, Avropanın müdafiə sənayesi silah istehsalını artırsa da, bazarda tələb hələ də təklifi üstələyir. Buna görə də şirkətlər daha sürətli işləməli, innovasiyalara üstünlük verməli və birgə layihələri genişləndirməlidirlər.
Rutte müdafiə sənayesi nümayəndələrinə müraciətində istehsalın artırılmasının təxirə salına bilməyəcəyini vurğulayıb. O, Avropanın indiki istehsal həcmləri ilə kifayətlənə bilməyəcəyini və daha çox silaha ehtiyac duyulduğunu bildirib.
Alyansın baş katibi analitikləri, eləcə də ictimai rəyə və siyasi qərarlara təsir göstərən şəxsləri Avropa ölkələrinin əhalisinə hərbiləşmənin nə üçün vacib olduğunu izah etməyə çağırıb.
Ruttenin bu açıqlamaları Avropada müdafiə xərclərinin və hərbi istehsalın artırılması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
Samir


