Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib.
HİT.az xəbər verir ki, bu barədə UNEC-in sosial media hesablarında məlumat paylaşılıb.
Eldar Azadov 15 iyun 1954-cü ildə Zəngilan rayonunda anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmiş, əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlamışdır.
O, uzun illər ərzində elm və təhsil sahəsində çalışmış, müxtəlif ali təhsil və elmi müəssisələrdə məsul vəzifələrdə fəaliyyət göstərmişdir. 1999-cu ildən 2014-cü ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri və dekan vəzifələrində çalışmış, 3 aprel 2014-cü ildən etibarən isə UNEC-də fəaliyyətini davam etdirmişdir. Universitetdə Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzinin direktoru, son dövrdə isə rektorun tədris-metodiki məsələlər üzrə məsləhətçisi vəzifəsində çalışmışdır.
Eldar Azadov təhsil və elm sahəsindəki xidmətlərinə görə 2009-cu ildə “Tərəqqi” medalı, 2020-ci ildə isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.


