İnsan müdaxiləsi olmadan inkişaf edən meşələr daha zəngin ekosistemə çevrilir. Alimlərin araşdırmaları göstərir ki, qurumuş ağaclar, yerə düşmüş budaqlar və təbii şəkildə böyüyən bitkilər meşənin həyatında mühüm rol oynayır.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN nəşri yazıb.
Bu prosesləri müşahidə etmək üçün Avropanın ən yaxşı qorunmuş qədim meşələrindən biri olan Belovej meşəliyinə (Belovej puşşası) diqqət yetirilir. Təxminən 10-12 min il əvvəl, sonuncu buzlaşma dövrü başa çatdıqdan sonra formalaşmağa başlayan bu meşə insan müdaxiləsinin olmadığı təbii ekosistemin necə inkişaf etdiyini göstərir.
Burada ağaclar nizamlı cərgələrlə və eyni yaşda böyümür. Bir ərazidə sıx bitki örtüyü olduğu halda, digər sahələrə ağacların arasından günəş işığı düşür. Gənc ağaclar əsrlik nəhəng ağaclarla yanaşı inkişaf edir. Yerə yıxılmış gövdələr və qırılmış budaqlar isə meşənin təbii mənzərəsinin ayrılmaz hissəsidir.
Belə şərait müxtəlif heyvan və bitki növlərinin yaşaması üçün əlverişli mühit yaradır. Meşədə canavar, vaşaq, sığın, maral, qaban, qunduz və Avropanın ən böyük vəhşi heyvanlarından sayılan bizonlara rast gəlinir.
Meşə ekosistemində qurumuş ağacların da xüsusi əhəmiyyəti var. Onlar göbələklər, bakteriyalar, həşəratlar və digər canlılar üçün həm qida mənbəyi, həm də yaşayış yeri rolunu oynayır. Bundan başqa, çürüyən ağac gövdələri torpaqda nəmin qorunmasına və faydalı maddələrin toplanmasına kömək edir. Beləliklə, hətta qurumuş ağac da meşədə yeni həyatın yaranmasına şərait yaradır.
Bununla belə, Belovej meşəliyi insan fəaliyyətinin təsirindən tam qorunmayıb. Ərazinin yalnız müəyyən hissəsi milli park və qoruq statusundadır, digər sahələrdə isə meşə təsərrüfatı işləri aparılır.
Xüsusilə ağacların kəsilməsi və qurumuş küknarların ərazidən çıxarılması ilə bağlı mübahisələr yaranıb. WWF-nin məlumatına görə, 2016-cı ildə meşədən o qədər qurumuş ağac çıxarılıb ki, bu həcmdə ölü oduncaq təbii şəraitdə yüz ildən artıq müddətdə toplana bilərdi.
2021-ci ildə Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanması da ekosistem üçün əlavə problem yaradıb. Bu qurğu vəhşi heyvanların sərbəst hərəkətinə mane olur və minilliklər ərzində vahid sistem kimi mövcud olmuş təbii ərazini parçalayır.
Belovej meşəliyinin nümunəsi göstərir ki, təbiətin inkişafı üçün insanın davamlı müdaxiləsi hər zaman zəruri deyil. Əksinə, köhnə ağacların və qurumuş gövdələrin qorunması, bitkilərin təbii şəkildə yenilənməsinə imkan verilməsi biomüxtəlifliyin saxlanmasına və meşənin sağlam inkişafına xidmət edir.
Samir


