Astronomlar tərkibinin demək olar ki, hamısı qaranlıq maddədən ibarət olan qeyri-adi qalaktika aşkar ediblər. CDG-2 adlandırılan bu qalaktikanın ümumi kütləsinin 99,94-99,98 faizini qaranlıq maddə təşkil edir. Adi maddənin, yəni ulduzlar və digər görünən obyektlərin payı isə cəmi 0,06 faizdən azdır.
HİT.az xəbər verir ki, Toronto Universitetinin astronomları tərəfindən aşkar edilən qalaktika Yerdən təxminən 300 milyon işıq ili uzaqlıqda, Persey qalaktikalar çoxluğunda yerləşir.
CDG-2 adi teleskoplarla müşahidə edilməsi olduqca çətin olan obyektlərdəndir. Çünki onun ulduz işığı son dərəcə zəif və geniş əraziyə yayılmış formadadır. Alimlər qalaktikanın mövcudluğundan əvvəlcə dörd kürəvi ulduz topasını müşahidə etdikdən sonra şübhələniblər. Bu qədim ulduz qruplarının ətrafdakı parlaq qalaktikalardan uzaqda, bir-birinə yaxın yerləşməsi tədqiqatçıların diqqətini çəkib.
Daha sonra “Hubble” və “Euclid” kosmik teleskoplarından əldə olunan görüntülər zəif işıq saçan qalaktikanın mövcudluğunu təsdiqləyib.
Tədqiqatçıların hesablamalarına görə, CDG-2-də görünən maddənin kütləsi təxminən 6,2 milyon Günəş kütləsinə bərabərdir. Bununla belə, qalaktikanın ümumi kütləsinin böyük hissəsini işıq yaymayan, lakin cazibə qüvvəsi ilə təsir göstərən qaranlıq maddə təşkil edir.
Alimlər hesab edirlər ki, CDG-2 əvvəlcə böyük qaranlıq maddə kütləsinin daxilində formalaşıb. Sonradan yaxınlıqdakı iri qalaktikaların cazibə təsiri nəticəsində ulduzların yaranması üçün zəruri olan qaz onun ətrafından uzaqlaşdırılıb. Nəticədə çox az sayda ulduzu olan, demək olar ki, görünməyən qalaktika meydana gəlib.
Bununla belə, kəşfin tam təsdiqlənməsi üçün əlavə müşahidələrə ehtiyac var. Bəzi astronomlar dörd ulduz topasının əslində vahid qalaktikaya aid olmaya, sadəcə müşahidə xəttində təsadüfən eyni istiqamətdə yerləşə biləcəyini istisna etmirlər.
Bu ehtimalın yoxlanılması üçün alimlər “James Webb” kosmik teleskopu da daxil olmaqla, əlavə müşahidələr aparmağı planlaşdırırlar. Tədqiqatın nəticələri “The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub.
Samir


