Almaniya Bundesverində posttravmatik stress pozuntusu (PTSP) diaqnozu qoyulan hərbçilərin sayı bir il ərzində 50 faiz artıb. Artımın səbəbləri arasında Ukrayna və İrandakı müharibələrin görüntülərinin hərbçilərə psixoloji təsiri də göstərilir.
HİT.az xəbər verir ki, bu barədə Redaktionsnetzwerk Deutschland (RND) məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə Almaniya ordusunda 279 posttravmatik stress pozuntusu halı qeydə alınıb. 2024-cü ildə bu göstərici 186 olub. Hərbi xidmətlə əlaqəli digər psixi pozuntuların sayı isə 112-dən 159-a yüksəlib.
Almaniya Müdafiə Nazirliyində psixoloji travma almış hərbçilərə yardım məsələlərinə cavabdeh Peter Zimmermann bu tendensiyanı Ukrayna və İrandakı müharibələrin görüntüləri ilə əlaqələndirir. Onun fikrincə, bu görüntülər əvvəllər Əfqanıstan, Kosovo və Malidə xidmət etmiş hərbçilərdə travma əlamətlərini yenidən gücləndirə bilər.
Ekspertin sözlərinə görə, hərbçilər çox vaxt psixoloji yardım almaq üçün dörd-beş il gözləyirlər. Buna səbəb həmkarlarının qınağından çəkinmələri və müraciətin karyeralarına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlarıdır.
Zimmermann yalnız hazırda xidmətdə olan hərbçilərə deyil, Bundesverin 800 mindən çox veteranına da daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb.
Ümumilikdə, hərbi əməliyyatlarda iştirakla əlaqəli qeydə alınmış psixi pozuntu hallarının sayı bir il ərzində 298-dən 438-ə çatıb. Bundesver hər il hərbçiləri mülki mütəxəssislərin iştirakı ilə psixoterapiya kurslarına da yönləndirir.
Samir


