Heyvanlar aləmində altruizm, yəni bir canlının öz maraqlarından müəyyən qədər keçərək digərinə kömək etməsi təkamül baxımından maraqlı hadisələrdən biridir. İlk baxışdan bu davranış təbii seçmə prinsiplərinə zidd görünsə də, alimlər onun yaranmasını iki əsas nəzəriyyə ilə izah edirlər.
HİT.az xəbər verir ki, bu barədə Honkonq Şəhər Universitetinin professoru, təkamül biologiyası üzrə mütəxəssis Pyotr Lidski “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Alimin sözlərinə görə, altruizmin yaranmasını izah edən ilk yanaşma qohum seçimi nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən, heyvanlar öz genlərinin gələcək nəsillərə ötürülməsinə kömək etdiyi üçün yaxın qohumlarına dəstək göstərə bilirlər.
Mütəxəssis bu prosesi Hamilton bərabərsizliyi ilə izah edib. Həmin prinsipə görə, kömək alan canlının əldə etdiyi fayda ilə yardım edən heyvan arasındakı qohumluq dərəcəsinin hasili yardımın xərcindən yüksək olmalıdır. Başqa sözlə, bir heyvan qardaşına, bacısına və ya balasına kömək etməklə öz genlərinin yayılmasına dolayı yolla töhfə verir.
Alim altruizmin ikinci izahı kimi qarşılıqlı yardım nəzəriyyəsini göstərib. Bu yanaşmaya görə, heyvanlar gələcəkdə özlərinin də eyni dəstəyi alacaqlarını gözləyərək digər canlılara kömək edirlər.
Lidski buna vampir yarasalarını nümunə göstərib. Onun sözlərinə görə, bu heyvanlar qohum olmadıqları fərdlərlə də qan paylaşırlar. Lakin koloniya üzvlərindən biri digərlərinə kömək etməkdən imtina edərsə, qrupdan qovula və nəticədə sağ qalmaqda çətinlik çəkə bilər.
Beləliklə, alim hesab edir ki, heyvanlar arasında qarşılıqlı yardım yalnız yaxın qohumluq əlaqələri ilə deyil, gələcəkdə dəstək almaq ehtiyacı ilə də bağlıdır.
Samir


