Alimlər gölə 1500 küknar ağacı batırdı - Üç ildən sonra gözlənilməz nəticə ortaya çıxdı

DÜNYA
22:14 / 27.11.2026
50

Finlandiyalı alimlər gölün ekosistemini yaxşılaşdırmaq məqsədilə maraqlı eksperiment həyata keçiriblər. Tədqiqatçılar Saimaa gölünün dibinə 1500 küknar ağacı yerləşdiriblər. Üç il sonra aparılan yoxlamalar bu üsulun sualtı canlılar üçün gözləniləndən daha faydalı olduğunu üzə çıxarıb.

HİT.az xəbər verir ki, bu barədə "Polskie Radio 24" məlumat yayıb.

Eksperimentə 2021-ci ildə Finlandiya Ətraf Mühit İnstitutunun (SYKE) Kari-Matti Vuorinin rəhbərliyi ilə start verilib. Alimlər ağacları altı-səkkiz ədəd olmaqla qruplaşdıraraq təxminən iki metr dərinlikdə gölün dibinə yerləşdiriblər. Onların suyun üzərinə qalxmaması üçün ağaclara kərpiclər bağlanıb.

Tədqiqatın əsas məqsədi ağac budaqlarının sualtı canlılar üçün yeni yaşayış və sığınacaq mühiti yaradıb-yaratmadığını müəyyənləşdirmək olub. Xüsusilə göllərin dibində yaşayan və qida zəncirində mühüm rol oynayan orqanizmlər araşdırılıb.

Üç il sonra alimlər eksperiment keçirilən əraziyə qayıdaraq ağacları sudan çıxarıb və yeni nümunələri əvvəlki göstəricilərlə müqayisə ediblər.

Nəticələr diqqətçəkən olub. Məlum olub ki, küknar ağaclarının yerləşdirildiyi ərazilərdə dib orqanizmlərinin sayı 10 dəfə artıb. Bəzi hallarda canlı növlərinin müxtəlifliyi isə beş dəfəyədək çoxalıb.

Alimlər bunu ağacların budaqlarının sualtı canlılar üçün əlavə məskunlaşma sahələri yaratması ilə izah edirlər. Budaqlar və iynəyarpaqlar arasındakı boşluqlar kiçik orqanizmlərə həm gizlənmək, həm də qidalanmaq imkanı verib. Ağacların tədricən parçalanması nəticəsində yaranan üzvi maddələr də mikroorqanizmlər üçün qida mənbəyinə çevrilib.

Tədqiqat göstərib ki, sualtı mühitin mürəkkəb quruluşa malik olması canlıların məskunlaşması, qidalanması və çoxalması üçün daha əlverişli şərait yaradır.

Bununla belə, alimlər insanları bu təcrübəni özbaşına yaxınlıqdakı göllərdə təkrarlamağa çağırmırlar. Onların sözlərinə görə, nəticələr konkret ərazidə və nəzarət olunan şəraitdə əldə edilib. Eyni effektin bütün su hövzələrində müşahidə olunacağına zəmanət yoxdur.

Samir
 

0