ABŞ Meşə Xidməti Şimali Amerikanın ən məşhur əfsanəvi varlıqlarından biri hesab olunan Biqfutla (Bigfoot) bağlı arxivlərdə saxlanılan üç sənədi ictimaiyyətə açıqlayıb. Sənədlər arasında meşədə tapılan müəmmalı ayaq izlərinin araşdırılması, qeyri-adi canlı ilə qarşılaşma barədə xatirə və yerli sakinlərin şahidliklərini əks etdirən qəzet yazısı var.
HİT.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinə tabe olan qurumun yaydığı materiallardan biri 1982-ci ilin iyun ayına aiddir. Həmin sənəddə Oreqon ştatındakı Mill Creek su hövzəsində Biqfuta məxsus olduğu ehtimal edilən ayaq izləri ilə bağlı araşdırmanın nəticələri yer alıb.
Tədqiqatçı izlərin 136 kiloqramdan ağır, iki ayaq üzərində hərəkət edən bir canlı tərəfindən buraxılmış ola biləcəyini qeyd edib. Onun fikrincə, izlər ayıların pəncə izlərinə də bənzəməyib və kifayət qədər təbii təsir bağışlayıb. Hesabatda saxta izlərin hazırlanması ehtimalı da nəzərdən keçirilib. Araşdırmaçı bildirib ki, ayaq quruluşunun xırda detallarını təqlid etmək çətindir və saxtakarlıq edilibsə, bunun üçün real ayaqdan götürülmüş qəlibdən istifadə olunmuş ola bilər.
Maralı havaya qaldıran müəmmalı varlıq
Arxivdəki ikinci sənəd 1980-ci ildə Leo T. Kinney tərəfindən Montana ştatının Petty Creek ərazisinin tarixi barədə yazılmış məqalədir. Müəllif burada 1940-cı illərdə baş verdiyini iddia etdiyi qorxulu hadisəni təsvir edib.
Kinney və yoldaşları iki ayağı üzərində yeriyən, xırıltılı səslər çıxaran və ətrafa kəskin qoxu yayan iri bir canlı ilə qarşılaşıblar. İlk baxışdan onu böyük ayı hesab etsələr də, gördükləri mənzərə şübhələrini artırıb. Belə ki, canlı maral cəsədini yerdə sürümək əvəzinə havaya qaldıraraq aparırmış.
Qrup bir müddət həmin varlığın izlərini təxminən 800 metr məsafədə izləyib. Daha sonra qarşılarına diametri 90 santimetrə yaxın olan aşmış ağac gövdəsi çıxıb. İzlərdən belə qənaətə gəlinib ki, canlı maneənin üzərindən bir addımla keçib. Qarın üzərində isə daşıdığı maralın buynuzlarının sürtünmə izləri qalıb.
Kinney yazıb ki, qrup üzvləri bir müddət sonra təqibi davam etdirmək istəmədiklərini anlayıblar. Sonrakı söhbətlər zamanı həmin qarşılaşmanın hamısında ciddi qorxu və narahatlıq yaratdığı məlum olub.
Qarda yüzlərlə ayaq izi
Üçüncü sənəd 2003-cü ilin yanvarında “Clark Fork Valley Record” qəzetində dərc olunmuş məqalədir. Yazıda Montana ştatının Sanders dairəsi yaxınlığında təzə qar üzərində çoxsaylı iri ayaq izləri görən sakinlərin danışdıqları yer alıb.
Bob Mesing adlı yerli sakin qaranlıq düşənədək, təxminən iki saat ərzində izləri izlədiyini bildirib. Onun sözlərinə görə, izlər qar örtüyünün nazikləşdiyi ərazidə yoxa çıxıb.
Mesing bu hadisəni əvvəlki gecə baş verdiyi deyilən başqa bir olayla da əlaqələndirib. İddiaya görə, iri və kimliyi müəyyənləşdirilməyən canlı yaxınlıqdakı mağazanın qarşısına qədər gəlib, hərəkət sensorlu işığı işə salıb və ərazidəki itlərin hürməsinə səbəb olub.
Şahidlər gördüklərinin məhz Biqfut olduğuna əmin olmasalar da, izlərin inandırıcı göründüyünü bildiriblər.
Biqfut əfsanəsi elmi təsdiqini tapmayıb
Kriptozoologiyanın ən məşhur simalarından sayılan Biqfut Şimali Amerikanın şimal-qərbindəki meşələrdə yaşadığı iddia edilən, iki ayağı üzərində hərəkət edən, iri və meymunabənzər canlı kimi təsvir olunur. Dünyanın müxtəlif bölgələrində də buna bənzər varlıqlar haqqında əfsanələr mövcuddur. Himalaylardakı Yeti, Avstraliyadakı Yowie və Orta Asiyadakı Almas bu nümunələrdəndir.
Bununla belə, Biqfutun mövcudluğunu təsdiqləyən etibarlı elmi sübutlar hələ də yoxdur. ABŞ Meşə Xidmətinin açıqladığı sənədlər də bu varlığın həqiqətən yaşadığını təsdiqləmir.
Belə hadisələrin mümkün izahları arasında ayıların başqa canlılarla səhv salınması və insanları aldatmaq məqsədilə hazırlanmış saxta ayaq izləri göstərilir. Buna baxmayaraq, Kocaayaq əfsanəsi maraq doğurmaqda davam edir. Saxta görüntülərin getdikcə daha inandırıcı göründüyü, xüsusilə də süni intellektlə yaradılan “deepfake” materialların yayıldığı dövrdə bu cür iddiaların yenidən gündəmə gəlməsi təəccüblü deyil.
Samir


