Eşşəkarıların insan üzlərini yadda saxladığı və onlara zərər verən şəxslərdən qisas aldığı barədə iddialar uzun müddətdir müzakirə olunur. Alimlər bu həşəratların üzləri tanımaq qabiliyyətini araşdıraraq, onların əslində nə dərəcədə yaddaşa malik olduğunu izah ediblər.
HİT.az xəbər verir ki, bu barədə "Snopes" nəşri məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, dünyada təxminən 150 min eşşəkarı növü məlumdur. Bu həşəratların hamısı eyni davranış xüsusiyyətlərinə malik deyil. Bəzi növlər mürəkkəb sosial quruluşa malik koloniyalarda yaşayır, digərləri isə təkbaşına həyat sürür. Üstəlik, insanların düşündüyünün əksinə olaraq, əksər eşşəkarılar sancmır.
Avstraliyanın Monaş Universitetinin tədqiqatçısı Adyan Dayerin rəhbərlik etdiyi araşdırmada eşşəkarıların insan üzlərini fərqləndirmək qabiliyyəti sınaqdan keçirilib. 2017-ci ildə aparılan təcrübə zamanı həşəratlara iki fərqli insan üzünün təsviri göstərilib. Onlardan birinin qarşısında şəkər siropu, digərində isə dadı xoş olmayan maddə yerləşdirilib.
Bir neçə gün davam edən təlimdən sonra alimlər mükafat və cəza sistemini aradan qaldırıblar. Buna baxmayaraq, eşşəkarılar əvvəllər şəkər siropu aldıqları üz təsvirini seçməyə davam ediblər. Yalnız şəkillər tərsinə çevrildikdə onların seçimində səhvlər artıb.
Lakin tədqiqatçı vurğulayıb ki, bu nəticə eşşəkarıların insanları təbii şəraitdə üzlərinə görə tanıdığını sübut etmir. Həşəratlar laboratoriya şəraitində xüsusi olaraq bu işi yerinə yetirməyə öyrədiliblər. Buna görə də onların vaxtilə özlərini qovan insanı yadda saxlayaraq sonradan qisas almaq üçün axtarması barədə iddiaların elmi əsası yoxdur.
Eşşəkarılar bir-birini necə tanıyır?
Miçiqan Universitetinin professoru Elizabet Tibbettsin araşdırmaları isə bəzi eşşəkarı növlərinin öz koloniyalarındakı fərdləri üz cizgilərinə görə fərqləndirə bildiyini göstərib.
Tədqiqatçı təcrübə zamanı şimal kağız eşşəkarılarının üz naxışlarını boya ilə dəyişdirərək onları yenidən yuvalarına qaytarıb. Digər həşəratlar əvvəlcə xarici görünüşü dəyişdirilmiş fərdlərə aqressiv reaksiya göstərsələr də, təxminən iki saat sonra bu davranış dayanıb.
Sonrakı araşdırmalar göstərib ki, bu həşəratlar üzün ayrı-ayrı hissələrindən daha çox, bütöv üz təsvirini tanımaqda uğurludurlar. Onlar hətta digər fərdlərin qarşılıqlı münasibətlərini müşahidə edərək sonrakı davranışlarını dəyişə bilirlər.
Alimlərin fikrincə, bu nəticələr eşşəkarıların beyin quruluşunun düşünüldüyündən daha mürəkkəb olduğunu göstərir. Araşdırmalar həmçinin sübut edir ki, mürəkkəb idrak qabiliyyətləri üçün mütləq böyük beyinə sahib olmaq vacib deyil.
Mütəxəssislər qeyd edirlər ki, eşşəkarılar bağlarda zərərverici tırtıllar və mənənələrlə qidalanaraq faydalı rol da oynayırlar. Buna görə də onları tamamilə məhv etmək əvəzinə, yaşayış evlərinə yaxınlaşmalarının qarşısını almaq daha məqsədəuyğun hesab olunur.
Samir


