Şübhəli şirkətlərdən biri ləğv olundu - FOTO

İQTİSADİYYAT
14:36 / 22.01.2021
1750

Bu gün Azərbaycanda 6 şirkət ləğv olunub.

"Bərəkət-2013”, "Lotuspromo” "Səfalı - El”, "Çinar AR”, "Flaminqo F” və "İdeal-Dizayn 77” MMC ləğv olunduğunu elan edib. MMC-lər onlarla bağlı maliyyə tələblərini iki ay müddətində müvafiq ünvanlara bildirə bilərlər.

Ləğv olunmuş şirkətlərindən 5-nin Sumqayıtda qeydiyyatdan keçməsi diqqət çəkir. Şirkətlərdən ikisi eyni ünvanda yaradılıb - "İdeal-Dizayn 77” və "Çinar AR” MMC. Onların qanuni təmsilçisi də eyni şəxsdir.

Şirkətlərdən birinin isə dövlət satınalmalarında maxinasiyalar edən şəbəkələrə aid olduğu şübhə doğurmur. Belə ki, "Bərəkət-2013” MMC-nin qeydiyyatdan keçdiyi ünvanda, yəni Sumqayıt şəhəri, 9 MKR, ev 52 A, m. 19-da başqa şirkətlər də yaradılıb. Və həmin şirkətlər şübhəli tenderlər qazanıblar. 

Şirkətin qanuni təmsilçisi kimi göstərilən Nağı Mehti oğlu Qasımovun adı qalmaqallarda hallanıb. Mediada yayılan məlumatlara görə, Nağı Qasımov dövriyyəsi milyon manatlarla hesablanan "süzgəc şirkətlərin” sahibi və direktorudur. Etiraf edir ki, əslində işsizdir və bu şirkətlərin son benefisiarı (xeyirgötürəni) deyil: 

"Şirkətləri yaradıb vermişəm qohuma. O işləri Sveta (Svetlana Gülməmmədovanı nəzərdə tutur- red.) və başqaları idarə edir. Nə iş görürlər, bilmirəm. Nə xərcə-borca görə qapımı döyən var, nə də bir manat xeyrini görmüşəm o şirkətlərin. Yəqin ki, iş azalıb, ona görə ləğv edirlər”.

Sözügedən ünvanda "İnter-Ko” MMC, MMC, "Milla” və "AS-Royal-1” MMC-lər qeydiyyata alınıb. Vergilər Nazirliyinin məlumatlarına görə, təkcə 2015-ci ildən indiyədək N.Qasımovun mənzilinə qeydiyyatda alınmış 21 belə şirkət ləğv olunub.

İki il əvvəl ləğvi barədə elan dərc olunan "Compakt-2013” təsis olunduğu il, yəni 2013-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu üçün mətbəə xidmətləri icra edib, Milli Elmlər Akademiyasının akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutuna maşın və avadanlıq, Prezident yanında Gənclər Fonduna dəftərxana və təsərrüfat malları, Ədliyyə Nazirliyi üçünsə adları açıqlanmayan hədiyyələr alıb. 
Ümumiyyətlə, 2013-2014-cü illərdə "Compakt-2013” MMC dövlət büdcəsi hesabına 76 min manatlıq rəsmi müqavilələr bağlayıb. 

Göründüyü kimi şirkətlər yaradılır, dövlət satınalmalarında iştirak edir, sonra isə ləğv edilir və yeniləri yaradılır…

0
Qaynarinfo