Azərbaycan Hökuməti və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit müqaviləsi imzalanıb.
Hit.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 65 milyon ABŞ dolları məbləğində kredit sazişini nazir Samir Şərifov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb.
Vəsait Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək. Layihənin həyata keçirilməsi ilə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin ediləcək və bazara çıxışı yaxşılaşdırılacaq. Bu marşrut boyunca yaşayan insanlar təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.