Sumqayıtdan Bakıya gələn avtobusların sürücüləri artıq gediş haqqı tələb edir - ŞİKAYƏT 

İQTİSADİYYAT
12:36 / 07.09.2023
755

Şəhərətrafı avtobuslarla bağlı narazılıqlar mütəmadi olaraq gündəmə gəlir.

Redaksiyamıza da belə bir şikayət daxil olub. Belə ki, Sumqayıtdan 20 Yanvara gələn kiçik tutumlu avtobuslarda gediş haqqı olaraq 1 manat tələb olunur. Lakin indiyə kimi Abşeron Gənclər Şəhərciyindən (Riyaddan) minən sərnişinlər isə 20 Yanvara qədər olan məsəfə üçün 50 qəpik ödəyirdilər. Buna baxmayaraq, bir neçə gündür yarı yolda minən sərnişinlərdən də 1 manat tələb olunub. Sərnişinlər sürücülərin sınıq-salxaq avtobuslarda yarı yolu getdikləri üçün 1 manat verməyə etiraz edirlər və bunu özbaşınalıq adlandırırlar. Onlar, həmin yolu taksi ilə rahat gedə biləcəyini deyirlər. Sürücülər isə "yaşxı edirəm, nə edirsiniz edin" cavabını verir. Bununla bağlı bir neçə sərnişin redaksiyamıza müraciət edərək, məsələni işıqlandırmağımızı xahiş edib.

Ümumiyyətlə, sürücülərin gediş haqqından artıq pul tələb etməsinə görə hansısa cəza gözləyirmi? 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov HİT.az-a açıqlamasında bildirib ki, bu, təkcə Sumqayıtla bağlı deyil, həm də kartla ödənişi olmayan digər şəhərətrafı marşrutlarda da belədir:

333322

"Məsələn, qəsəbədaxili gediş haqqı 40 qəpik təyin olunsa da, metro stansiyalarına getdikdə qiymət eyni olmur. Şüvəlan, Mərdəkan, Ceyranbatan və Masazır kimi əraziləri buna nümunə göstərmək olar. Yəni qəsəbədaxili gediş haqqı 40 qəpik olsa da, metrolara yaxın şəhər mərkəzinə gəldikdə 50 qəpik təyin olunur. Əslində bu, vahid qiymət prinsipinə ziddir. Çünki orada kifayət qədər sərnişin gedib-gəlir. Sürücülər sərnişin azlığından şikayət edə bilməz".

Həmsöhbətimiz vurğulayıb ki, sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməlidir:

"Yəni kondisioneri və havalandırma sistemləri olan avtobuslar xəttə buraxılmalıdır. Lakin bəzi avtobuslar var ki, sınıq-salxaqdır və hətta şüşələri belə açılmır. Həmin avtobuslardan çox çətinliklə istifadə etmək olur. Ona görə də avtobuslar müasirləşməlidir. Sərnişin daşımalarında müəyyən dərəcədə işlər görülsə də, bu, hamısını əhatə etmir. Düzdür, gələcəkdə işlər görüləcək və müəyyən addımlar atılacaq. Amma bu prosesi sürətləndirmək lazımdır".

Ekspert diqqətə çatdırıb ki, artıq ödəniş tələb edən sürücülərə polis əməkdaşları cəza tətbiq edə bilməz:

"Ancaq aidiyyəti qurum olaraq sərnişin daşımaya nəzarət edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən cərimə tətbiq oluna bilər. Daşıyıcı şirkətin, sürücünün tənbeh olunması və yaxud da cərimələnməsi onların belə addımlardan yayınması üçün dövlət mexanizmi olaraq tətbiq olunması daha məqsədəuyğundur.

Həmçinin, həmin sürücüyə isə sadəcə ictimai qınaqla təsir edə bilərik. Amma ona hər hansısa hədə-qorxu gəlmək və ya bunu digər inzibati yollarla etmək olmaz. Ona görə də bunun yolu ancaq tabeliyində olduğu aidiyyəti qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən cəzalandırılmasıdır".

Pərviz

0