Dayanacaqlara reklam yapışdıranlar nə qədər cərimə olunacaq?

İQTİSADİYYAT
21:40 / 09.01.2024
219

Kimi torpaq sahəsini, kimi mənzilini, başqa biri isə şirkətini və ya məhsulunu reklam edir. İndi paytaxtdakı əksər dayanacaqlar bu cür reklam lövhəsinə çevrilib.

İctimai yerlərdə nə gəldi reklam edirlər. Hətta əxlaqdan kənar reklamlara da rast gəlinir. Torpaq satılır, ev satılır və yaxud da ki, mənzil kirayəyə verilir. Bura sanki dayanacaq yox, sözün əsl mənasında daşınmaz əmlak bazarını xatırladır. Bu cür reklamların ictimai yerlərə yapışdırılması ətrafa natəmiz görüntü saçmaqla yanaşı elə insanların da narazılığına səbəb olur.

Bəs görəsən küçələrə və ictimai yerlərə qanunsuz reklamlar vuranları hər hansı bir cəza gözləyirmi?

Hüquqşunas Hüseyn Axundov Hit.az-a şərhində bildirib ki, ictimai yerlərə, xüsusən də dayanacaqlara bu cür reklamların vurulması qəti qadağandır. Bu məsələ reklam haqqında qanunla tənzimlənir:

"Həmin şəxslər müəyyən məbləğdə cərimə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin  428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300  manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 5000 manatdan 10000 min manatadək məbləğdə cərimə edilirlər".

Sevinc

0