2025-ci ildə Azərbaycan turizmini nə gözləyir? - Ekspert DANIŞDI

İQTİSADİYYAT
14:22 / 06.01.2025
149

"2025-ci ildə Azərbaycanda turizm sahəsində böyük işlər gözlənilir".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə turizm potensialını daha da genişləndirmək üçün ciddi addımlar atıla bilər:

"Qarabağ və Şərqi Zəngəzurda həm yay, həm də qış turizmini inkişaf etdirmək üçün kifayət qədər böyük potensial var. Üstəlik, bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınması ölkəmizdə turizmin davamlı və dayanıqlı olması üçün zəmin yaradır. Xüsusilə, ötən il COP29 kimi çox böyük beynəlxalq tədbirin paytaxtımızda keçirilməsi Azərbaycanın turizmini də dünyada tanıtdı. 

Yeni ildə də ölkəmizdə belə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Paytaxtımızda, regionlarımızda, xüsusən də işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq tədbirlər keçirilə bilər. Nəzərə almaq lazımdır ki, beynəlxalq tədbirlərin keçirilməsi həmin regionlarımızın da tanıdılmasında birbaşa rol oynayacaq".

365482

Ekspert qeyd edib ki, Azərbaycan turizmini inkişaf etdirmək üçün hər cür şərait var:

"Bizim bölgələrimiz bütün fəsillərdə turist qəbul etmək üçün böyük potensiala sahibdir. Yaxın günlərdə isə bölgə turizminin inkişafı üçün yeni konseptin hazırlanmasını zəruri hesab edirəm. Xüsusən də regionlarda fəaliyyət göstərən otellər gündə 3 dəfə qidalanma sisteminə keçid etməlidir. Təbii ki, bu, otellərin öz daxili qərarlarına əsasən həyata keçirilə bilər".

Lakin mütəxəssisin sözlərinə görə, bunun üçün təşviqat aparmaq lazımdır:

"Dünya təcrübəsinə baxdıqda görürük ki, bu addım turist axınına ciddi təsir edir. Hansı ölkələrin otellərində bu konsept istifadə olunursa, turistlər bütün fəsillərdə həmin istiqamətlərdə səyahət edirlər. Yəni bu, daxili turizmi artırmaqla yanaşı, əcnəbi turistlərin də böyük marağına səbəb olacaq. Düşünürəm ki, təcrübədən keçmiş bu konsepti otellərimizdə tətbiq etməliyik. Artıq bunun zamanı çatıb". 

Pərviz

0