Manat devalvasiyaya uğrayacaq? – Natiq Cəfərlidən AÇIQLAMA

İQTİSADİYYAT
10:50 / 01.05.2026
128

İranda baş verən iqtisadi dəyişikliklər fonunda milli valyuta ciddi təzyiq altındadır. 

Dolların məzənnəsi sərbəst bazarda ardıcıl şəkildə yüksələrək yeni zirvələrə çatır və bu da tümənin sürətlə dəyər itirdiyini göstərir. Bənzər vəziyyət Türkiyədə də müşahidə olunur. Türk lirəsi son günlər dollar qarşısında zəifləməyə davam edir və məzənnə artıq 1 dollar üçün 45 lirə həddinə yaxınlaşıb. Bazarda 100 dolların 4500 lirədən yuxarı qiymətə təklif olunması bu eniş trendinin hələ də davam etdiyini göstərir.

Belə bir şəraitdə sual yaranır: Regionda baş verən bu proseslər Azərbaycanın valyuta bazarına necə təsir göstərə bilər?

Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda dolların məzənnəsi bazar prinsipləri ilə formalaşmır:

397977

“Dünyada baş verən iqtisadi proseslər birbaşa olaraq ölkəmizdə məzənnəyə ciddi təsir göstərmir. Yalnız neftin qiymətində uzunmüddətli dəyişikliklər baş verərsə, müəyyən təsirlər mümkün ola bilər”.

O qeyd edib ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir və üzən məzənnə rejimi tətbiq olunmur:

“Bu səbəbdən də hazırda manatın dəyərində ciddi dəyişikliklər müşahidə edilmir. Lakin bu, gələcəkdə belə bir halın baş verməyəcəyi anlamına gəlmir. Müəyyən dövrdə manatın devalvasiyaya uğraması ehtimalı var, amma bunun yaxın iki il ərzində baş verəcəyi gözlənilmir. Daha sonrakı mərhələdə belə bir ssenari mümkündür”.

Günel Cəlilova

0