Su qaraciyərin orqanizmdən tullantıları xaric etmək kimi təbii funksiyalarını yerinə yetirməsinə kömək edir. Lakin heç bir içki qaraciyəri “təmizləyə” və ya “detoksikasiya” edə bilməz. Bununla belə, bəzi içkilər bu orqanın sağlamlığını dəstəkləyə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Health” yazıb.
Məqalənin müəllifi, qeydiyyatdan keçmiş dietoloq və tibbi icmalçı Lindsi DeSoto bildirib ki, qaraciyərin sağlamlığı üçün əsas diqqət meyvə, tərəvəz, tam taxıllı məhsullar, yağsız zülal mənbələri və faydalı yağlardan ibarət balanslaşdırılmış qidalanmaya yönəldilməlidir.
Ekspert vurğulayıb ki, heç bir ayrıca içki qeyri-sağlam qidalanmanın mənfi təsirlərini kompensasiya edə bilməz. Bununla belə, bəzi içkilərin qaraciyər üçün müəyyən üstünlükləri var.
1. Qəhvə
“Biochemical Pharmacology” jurnalında dərc olunan araşdırmaya görə, qəhvənin tərkibində kofeinlə yanaşı xlorogen turşu və kavеol kimi bitki mənşəli birləşmələr var. Onlar qaraciyərdə iltihabın, oksidləşdirici stressin və çapıqlaşmanın – fibrozun azalmasına kömək edə bilər.
“Clinical Gastroenterology and Hepatology” nəşrində dərc olunan genişmiqyaslı son araşdırma isə daha çox qəhvə istehlakını sirroz, qaraciyər xərçəngi və qaraciyər xəstəlikləri ilə əlaqəli ölüm riskinin aşağı olması ilə əlaqələndirib.
Tədqiqatçılar gündə cəmi 1-2 fincan qəhvə içildikdə belə fayda müşahidə ediblər. Ən güclü təsirin isə gündə təxminən 3-4 fincan qəhvə qəbulunda olduğu bildirilib. Oxşar nəticələr həm kofeinli, həm də kofeinsiz qəhvə üçün əldə edilib. Bu isə təsirdə yalnız kofeinin deyil, digər birləşmələrin də rol oynaya biləcəyini göstərir.
Dietoloq qəhvəni şəkərsiz içməyi tövsiyə edir. Çünki həddindən artıq şəkər içkinin qaraciyər sağlamlığına mümkün faydasını azalda bilər.
2. Yaşıl çay
Yaşıl çay da qaraciyər sağlamlığı üçün faydalı ola biləcək içkilər sırasındadır. DeSotonun sözlərinə görə, onun tərkibində epigallokatexin-3-qallat (EGCG) adlı katexinlər var.
“Medicines” jurnalında dərc olunan araşdırmaya əsasən, bu birləşmələr qaraciyər hüceyrələrini zədələnmədən qorumağa kömək edə biləcək antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
2020-ci ildə aparılan araşdırma yaşıl çayın qaraciyər piylənməsi olan insanlarda AST və ALT daxil olmaqla, qaraciyər fermentlərinin səviyyəsini azaltmağa kömək etdiyini göstərib. Dietoloq izah edib ki, bu fermentlərin yüksək səviyyəsi qaraciyərdə iltihab və ya zədələnməyə işarə edə bilər.
DeSoto xəbərdarlıq edib ki, dəmlənmiş yaşıl çay ümumiyyətlə təhlükəsizdir və qaraciyər sağlamlığı üçün faydalı ola bilər. Lakin yüksək dozada yaşıl çay ekstraktı tərkibli qida əlavələri nadir hallarda qaraciyərin zədələnməsi ilə əlaqələndirilir.
3. Çuğundur şirəsi
Çuğundur şirəsinin tərkibində betalainlər, betain və qida nitratları var. Ekspertin sözlərinə görə, bu birləşmələr qaraciyər hüceyrələrinə zərər verə və zamanla çapıqlaşmaya səbəb ola bilən iltihab və oksidləşdirici stressi azaltmağa kömək edə bilər.
2023-cü ildə 12 həftə davam edən araşdırmada qaraciyər piylənməsi olan və çuğundur şirəsi içən yetkinlərdə qaraciyərin ultrasəs müayinəsi zamanı yağlanmanın daha az olduğu müəyyən edilib. Bu nəticə çuğundur şirəsinin ayrıca və ya Aralıq dənizi pəhrizi ilə birlikdə qəbul edildiyi hallarda müşahidə olunub.
Tədqiqatçılar həmçinin qaraciyər fermentlərinin, triqliseridlərin və xolesterinin göstəricilərində yaxşılaşma qeydə alıblar.
4. Kokos suyu
Kokos suyunun qaraciyər sağlamlığı ilə birbaşa əlaqəsini araşdıran tədqiqatların sayı azdır. Bununla belə, məqalədə qeyd olunur ki, bu içkinin tərkibində kalium da daxil olmaqla elektrolitlər var və onlar orqanizmdə maye balansının qorunmasına kömək edir.
Kifayət qədər maye qəbul edilməsi qaraciyərin normal fəaliyyətinə dəstək verir. Kokos suyunun kalorisi də nisbətən azdır və o, qazlı içkilərə, şirin çaya və şəkərli idman içkilərinə yaxşı alternativ ola bilər.
5. Meyvə və digər əlavələr qatılmış su
Kifayət qədər adi su içmək çətindirsə, ona az miqdarda meyvə əlavə etmək kömək edə bilər. DeSoto limon, laym, giləmeyvə, portağal dilimləri, xiyar və ya nanədən istifadə etməyi məsləhət görür.
Qazlı adi su da köpüklü içkilərə üstünlük verənlər üçün alternativdir.
Diyetoloqun sözlərinə görə, belə içkilər qaraciyəri detoksikasiya etmir, lakin kifayət qədər maye qəbulunu asanlaşdıra bilər. Bundan əlavə, bu üsul əlavə şəkər və kalori qəbulunu azaltmağa və çəkiyə nəzarət etməyə kömək edə bilər.
DeSoto qeyd edib ki, hətta orta dərəcədə çəki itkisi qaraciyərdə yağ yığılmasının azalmasına kömək edə bilər.
Qaraciyər üçün hansı içkilərdən uzaq durmaq lazımdır?
Diyetoloq vurğulayıb ki, qidalanmada məhdudlaşdırılan məhsullar içilən içkilər qədər əhəmiyyətli ola bilər. Bəzi içkilərin həddindən artıq qəbulu qaraciyərdə yağ yığılmasına, iltihaba və ya zədələnməyə səbəb ola bilər.
İlk növbədə, DeSoto qaraciyərdə yağ yığılmasına, iltihaba və çapıqlaşmaya səbəb ola bilən alkoqoldan uzaq durmağı tövsiyə edir.
“Qaraciyər xəstəliyi olan insanların alkoqoldan tamamilə imtina etməsi lazım gələ bilər. Buna görə də sizin üçün təhlükəsiz olan miqdarı həkiminizdən soruşun”, – ekspert vurğulayıb.
Qaraciyər üçün zərərli olan digər içki qrupu şəkərli içkilərdir. Bunlara qazlı içkilər, şirin çay və enerji içkiləri daxildir.
DeSoto izah edib ki, belə içkilərin tez-tez qəbulu çəki artımına və qaraciyərdə yağ yığılmasına səbəb ola bilər.
Müxtəlif detoks çayları və orqanizmi “təmizləmək” üçün nəzərdə tutulan vasitələr də qaraciyər üçün arzuolunmaz hesab olunur.
“Qaraciyərdən toksinləri heç bir çay, şirə və ya bitki mənşəli içki çıxara bilməz. Bu məhsullar çox vaxt kifayət qədər yaxşı araşdırılmayıb və bəzilərinin tərkibində hətta qaraciyərin zədələnməsinə səbəb ola biləcək əlavələr var”, – ekspert bildirib.
Diyetoloq qeyd edib ki, qaraciyər xəstəliyiniz varsa və ya onun vəziyyətindən narahatsınızsa, qidalanma rasionunu əhəmiyyətli dərəcədə dəyişməzdən və ya yeni qida əlavələri qəbul etməyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Samir


