Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“Amay” ticarət mərkəzi) yerləşən 8 obyekt müsadirə olunaraq hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, hərracda satılan əmlakların ümumi sahəsi 784,9 kv. metr, minimum satış qiyməti isə 1 milyon 802 min 807,5 manat təşkil edir.
Ən baha qiymətə satılan obyekt 188,9 kv. metr sahəsi olan və 3-cü mərtəbədə yerləşən 1 otaqlı obyektdir. Bu obyektin ilkin satış qiyməti 401 min 412,5 manatdır. Ən ucuz obyekt isə 115 min 727,5 manata satışa çıxarılan, 38,9 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi olub.
Qeyd edək ki, satışa çıxarılan obyektlərin 4-ü birinci, 4-ü isə 3-cü mərtəbədə yerləşir. 1-ci mərtəbədə yerləşən obyektlərin bir kv. metrinin satış qiyməti 2 975 manat, 3-cü mərtəbədə yerləşən obyektlərin bir kv. metrinin satış qiyməti 2 125 manat təşkil edib.
Məlumat üçün onu da qeyd edək ki, ötən ay “Amay” ticarət mərkəzində yerləşən və Azərbaycan Mərkəzi Bankının balansında olan iki qeyri-yaşayış sahəsi də hərrac vasitəsilə satılıb.
Ticarət mərkəzinin 6-cı mərtəbəsində 183 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi 128 000 manata, 7-ci mərtəbəsində 74,2 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi isə 60 000 manata satılıb. Beləliklə, həmin obyektlərdən birinin bir kvadratmetrinin satış qiyməti 699 manat, digərinin bir kvadratmetrinin satış qiyməti isə 809 manat olub.


