Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işğaldan azad olunan 8 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması məqsədilə 5 şirkətlə 6 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, Kəlbəcər rayonunun Mollabayramlı və Cəbrayıl rayonunun Quycaq kəndinin (Şəybəy kəndi ilə birlikdə) şəhərsalma əsaslandırılmasını “Bureau Mühit” MMC (VÖEN – 2006792941) hazırlayacaq və qarşılığında 400 min 79 manat alacaq.
Bundan başqa, Ağdam rayonunun Şıxbabalı kəndinin şəhərsalma əsaslandırılmasını “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (VÖEN – 1400229741), Laçın rayonunun Qarakeçdi kəndinin (Katos kəndi ilə birlikdə) şəhərsalma əsaslandırılmasını “İrontree” MMC (VÖEN – 1602812131), Qubadlı rayonunun Mahmudlu kəndinin şəhərsalma əsaslandırılmasını “Geoproject” MMC (VÖEN – 2003594091), Ağdam rayonunun Muğanlı kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasını isə "EL & EN" firması (VÖEN – 1700162381) hazırlayacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu şirkətlərə ümumilikdə 1 milyon 359 min 414 manat ödəyəcək.
Onu da qeyd edək ki, tenderin qalibi olan "Bureau Mühit" MMC-nin qanuni təmsilçisi Bayramov Toğrul Şahin oğlu eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvü olub.
"Bureau Mühit" MMC 2021-ci ilin iyun ayının 18-də dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatına alındıqdan cəmi 12 gün sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elan etdiyi "Qədim Qarabağın yenilənən siması" adlı memarlıq müsabiqəsinin qalibi olub.
Onu da bildirək ki, "Bureau Mühit" MMC daha əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi çoxsaylı müsabiqələrin qalibi olub və Komitədən 5 kəndin (Şəlvə, Zar, Xudafərin, Ərikli və Kürdhacı) şəhərsalma əsaslandırılmasının hazırlanması işləri üçün 1 milyon 260 min manat pul alıb.
Məlumat üçün bildirək ki, tenderlərin heç biri açıq müsabiqə üsulu ilə keçirilməyib. Komitə müsabiqə keçirmədən, bir mənbədən satınalma üsulu ilə sifarişləri "Bureau Mühit" MMC-yə verib.
Eyni zamanda Kəlbəcər rayonunun Çıraq və Otaqlı, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri də “Bureau Mühit” MMC-yə həvalə olunub və bu işlər üçün də 685 min 200 manat ödənilib.


