Rusiyanın “Kalaşnikov” konserni yeni “Krona-E” yaxın mənzilli zenit-raket kompleksinin seriyalı istehsalına başlamağa hazırlaşdığını açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə Kremlin nəzarətində olan KİV-lər məlumat yayıb.
Konsern nümayəndəsinin TASS agentliyinə verdiyi məlumata görə, “Krona-E” strateji əhəmiyyətli obyektlərin hava hücum vasitələrindən, ilk növbədə isə orta sinif pilotsuz uçuş aparatlarından qorunması üçün nəzərdə tutulub.
Müdafiə sahəsində ixtisaslaşmış “Defense Express” portalının ekspertləri bildirirlər ki, “Krona-E” yalnız şərti olaraq yeni sistem hesab oluna bilər. Kompleks ilk dəfə təxminən bir il yarım əvvəl nümayiş etdirilsə də, onun konsepsiyası hələ 1990-cı illərə gedib çıxır.
Ekspertlərin fikrincə, söhbət faktiki olaraq seriyalı istehsala tam keçə bilməmiş “Sosna” zenit-raket kompleksinin yenidən brendləşdirilməsindən gedir. “Sosna” sovet dövründə yaradılmış “Strela-10” zenit-raket kompleksinin davamçısı kimi təqdim olunurdu.
Texniki imkanlarına görə “Krona-E” əvvəlki sistemə bənzəyir. Kompleks 9M340 və 9M333 tipli iki raketdən istifadə edə bilir. Onun hədəfləri məhv etmə məsafəsi 10 kilometrə qədərdir.
Hazırda Rusiya “Krona” zenit-raket kompleksini xarici bazarlarda da təbliğ edir. Ekspertlər istisna etmirlər ki, seriyalı istehsala hazırlıq Moskvanın artıq potensial ixrac sifarişçisi tapması ilə əlaqəli ola bilər.
Bundan əvvəl “Kalaşnikov” konserninin baş direktoru Alan Luşnikov bildirmişdi ki, yeni zenit-raket kompleksi Rusiya-Ukrayna münaqişəsində “son dərəcə effektiv və tələbatlı” olacaq.
Samir


